Nərimanov rayonunda yerləşən Psixonevroloji Uşaq Evində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilmiş, Heydər Əliyev Fondu tərəfindən bayram süfrəsi açılmış və uşaqlar üçün hədiyyələr verilmişdir.
Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş və hal-hazırda 1200-ə yaxın uşağın müalicə aldığı Psixonevroloji Uşaq Evi Heydər Əliyev Fondu tərəfindən 2009-cu ildə yenidənqurma işləri aparılaraq əsaslı təmir edilmişdir. 2019-cu ildə isə Uşaq Evi üçün lazımi tibbi və digər avadanlıqlarla təmin edilməklə yeni korpus tikilirək istifadəyə verrilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Psixonevroloji Uşaq Evinin həkimlərinin və burada müalicə alan uşaqların iştirak etdiyi tədbirdə uşaqlar əlamətdar gün münasibətilə təbrik edilmiş, sözügedən səhiyyə ocağında müalicə alan uşaqlara peşəkar həkim heyəti tərəfindən göstərilən diqqət və qayğı yüksək qiymətləndirilərək onların müalicəsi üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq bildirilmişdir. Həmçinin qeyd edilmişdir ki, uşaqların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması dövlətin əsas məqsədlərindən biridir.
Heydər Əliyev Fondu tərəfindən bütün ölkə ərazisində, o cümlədən Nərimanov rayonunda həyata keçirilən layihələr barədə məlumat verilmişdir. Fond tərəfindən əsaslı təmir olunmuş gözdən əlil uşaqlar üçün 5 saylı Respublika Xüsusi İnternat Məktəbi, onun nəzdində musiqi məktəbi, Zərifə Əliyeva adına Uşaq bağçası, Psixonevroloji Uşaq Evinin əsaslı yenidənqurulması və Uşaq Evinin yeni tikilən korpusu, yeni inşa olunmuş Respublika Talassemiya Mərkəzinin açılışları qeyd edilmiş, bütün bunların xüsusi qayğı və diqqətə ehtiyacı olan uşaqlara olan məhəbbət və qayğının bariz təzahürü olduğu bildirilmişdir.
Sonra Psixonevroloji Uşaq Evinin direktoru Kəmalə Talıbova çıxış edərək Uşaq Evinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmiş, Mərkəzin yüksək səviyyədə fəaliyyətinin davam etdirilməsi üçün yaradılan şəraitə görə Uşaq Evində müalicə alan uşaqlar, onların valideynləri və Uşaq Evinin kollektivi adından təşəkkürünü bildirmişdir.
Bayram tədbiri maraqlı və əyləncəli konsert proqramı ilə davam etdirilmişdir.