Azərbaycan cəmiyyətində dövlətçilik prinsiplərinin qorunması, qanunun aliliyinin təmin edilməsi və korrupsiyaya qarşı mübarizə hər zaman ən vacib prioritetlərdən biri olub.
Vətəninfo.az xəbər verir ki,ölkənin tanınmış şair-publisisti Səxavət Kəlbəcərlinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı açıq müraciət də məhz bu milli maraqlara, şəffaflıq və ədalət ideallarına xidmət edən mühüm bir ictimai sənəd kimi diqqət çəkir. Müraciətin mərkəzində duran əsas məqamlar isə həm ictimaiyyətin, həm də medianın yaxından izlədiyi ciddi hüquqi proseslərlə bağlıdır.
Müraciətin əvvəlində Səxavət Kəlbəcərli xalqımızın 30 ildən sonra əldə etdiyi möhtəşəm Zəfərin əhəmiyyətini xatırladır. Bir şair və vətəndaş kimi bu tarixi qələbənin dəyərini dərindən dərk etdiyini bildirən müəllif vurğulayır ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası xalqımızın tarixində əbədi yaşayacaqq qürur mənbəyidir. Məhz bu müqəddəs Zəfərə kölgə sala biləcək istənilən qanunsuzluq, dövlət vəsaitlərinin mənimsənilməsi və ya vəzifə səlahiyyətlərindən sui-istifadə halları qəbuledilməzdir. Şair haqlı olaraq qeyd edir ki, dövlətin inkişafına və xalqın rifahına xələl gətirən hər kəs qanun qarşısında cavab verməlidir.
Sənəddə diqqəti cəlb edən ən mühüm məqamlardan biri yüksək vəzifə tutmuş şəxslərin fəaliyyətinin obyektiv qiymətləndirilməsidir. “Ramiz Mehdiyev barəsində dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ağır ittihamların irəli sürülməsi fonunda, digər yüksək vəzifəli şəxslərin də fəaliyyətinin araşdırılması zərurəti qaldırılır”-deyə davam edən müraciətdə uzun illər ərzində ölkənin müxtəlif aparıcı və strateji dövlət strukturlarında yüksək vəzifələrdə çalışmış Cavid Qurbanovun fəaliyyəti xüsusi vurğulanır. Müraciətdə qeyd olunur ki, onun həmin vəzifələrdə işlədiyi dövrdə dövlət vəsaitlərindən istifadə etməsi, şəxsi sərvətinin formalaşma mənbələri və xarici ölkələrdə- xüsusilə Birləşmiş Ərəb Əmirliklərində olduğu bildirilən böyük biznes və əmlak sərvətlərinin qanuni gəlirlərlə uyğunluğu hərtərəfli şəkildə yoxlanılmalıdır. Səxavət Kəlbəcərli müraciətində obyektivliyin və ədalətin qorunmasının tərəfdarı olduğunu açıq şəkildə ifadə edir. O, heç bir şəxsin məhkəmə hökmü olmadan qabaqcadan təqsirli elan edilməsinin tərəfdarı olmadığını, lakin tələbinin tamamilə qanunauyğun olduğunu bildirir: “Yüksək vəzifələrdə çalışmış bütün şəxslərin sərvətlərinin mənşəyi və fəaliyyəti eyni prinsiplər əsasında, şəffaf şəkildə araşdırılmalıdır”.
Bu təşəbbüs cəmiyyətdə geniş əks-səda doğurub və ölkədə gedən antikorrupsiya tədbirlərinə, həmçinin ictimai nəzarətin gücləndirilməsinə verilən dəyərli bir töhfə kimi qiymətləndirilir.
Redaksiyadan: Bir daha qeyd edirik ki,Səxavət Kəlbəcərli nu müraxiətini özünün “facebook”sosial şəbəkə hesabında paylaşıb.
Vətəninfo.az


























