image-1backend

2023-cü il Azərbaycan diasporu üçün necə yadda qaldı?

image-reklam_sirab_01
“Azərbaycana qarşı son dövrlərdə müxtəlif dünya dövlətlərində təzyiqlərin artmasına baxmayaraq, diasporumuz bu məsələlərdə çox ciddi addımlar atır”.
Bu sözləri  açıqlamasında Milli Məclisinin deputatı Arzu Nağıyev Azərbaycan diasporunun 2023-cü ildəki fəaliyyətindən danışarkən deyib.

Deputat hesab edir ki, diasporumuzun uğurlu siyasəti 44 günlük Vətən Müharibəsi dövründə başlayıb:
“Bu, məlum məsələdir ki, 2020-ci il 27 sentyabrda 44 günlük Vətən Müharibəsinin başlanmasından məhz Zəfər bayramına – 10 noyabra qədər ən vacib şəkildə özünü göstərirdi. Buna baxmayaraq 2023-cü ildə diasporumuzun fəaliyyəti çox mühüm işlərlə yadda qaldı. Təbii ki, Azərbaycandan kənarda 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı var. Azərbaycan diasporunun sistemli şəkildə işgüzar fəaliyyətinə rəhbərlik edən Diasporla İş üzrə Dövlət Komitəsi xeyli işlər görməkdədir. Yəni, beynəlxalq təşkilatlar, Azərbaycandakı icmalar, müxtəlif ölkələrin dövlət və hökumət rəhbərləriylə, parlament üzvləriylə əlaqələri var, BMT, Avropa Parlamenti kimi nüfuzlu təşkilatlar işlər görürlər. Təsəvvür edin ki, son illərdə Komitəyə 23 dildə 500-dən artıq müraciət göndərilib. Avropa Parlamentinin üzvlərinə nə qədər bəyanatlar çatdırılıb. Cürbəcür ölkələrin parlament üzvlərinə bəyanatların yayılmasına, eyni zamanda Milli Məclisin Parlamentlərarası İşçi qrupunun fəaliyyəti çox mühüm əhəmiyyət kəsb edir. Bu proseslərin hamısı davam edir və etməkdədir”.
Deputat Azərbaycan diasporunun son dövrlərdəki uğurlarından bəhs edib:
“Bir sıra dövlətlərdə 200-ə yaxın tədbir keçirilib. Onların avtoyürüşü, aksiya forması var. Bu cür tədbirlər İsraildə, Ukraynada, Pakistanda və digər dost dövlətlərdə diaspor nümayəndələrimizin iştirakıyla həyata keçirilir. Televiziyalarda canlı yayımlar olub, QHT-lərimiz dəfələrlə dünyanın bir sıra dövlətlərində Azərbaycan diasporuyla görüşlər keçirərək, Azərbaycan həqiqətlərini, haqq səsimizi dünyaya yaymaqda davam edib. 60-dan çox ölkədən qatılan 300-dən çox videokonfranslar təşkil olunub. Bu ölkələrdə 30-dan çox məqalələr dərc olunub. Eyni zamanda, həm 27 sentyabrda, həm də 10 noyabrda ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız, həmvətənlərimiz, rəsmi qeydiyyatdan keçmiş diaspor təşkilatları, müxtəlif koordinasiya şuraları, Azərbaycan evləri mühüm tədbirlər təşkil edir. Bütün bu proseslər 2023-cü ildə baş verib. Bundan savayı, Heydər Əliyev Fondunun fəaliyyəti məhz göz qabağındadır. Bir sıra ölkələrdə apardığı humanitar aksiyalar, atdığı humanist addımlar Diasporla İş üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti kimi dəyərləndirilməlidir. Bir sözlə, diasporamız öz əlindən gəldiyi qədər proseslərdə iştirak edir”.
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili isə 2023-cü ili Azərbaycan diasporunun inkişaf dövrü kimi səciyyələndirib:

“2023-cü ili Azərbaycan diasporu üçün inkişaf ili kimi qiymətləndirirəm. Diasporumuz ildən-ilə öz üzərində dəyişikliklər görür. Keçmiş illərə baxdıqda canlanma hiss olunur. Açıq və net desək, Azərbaycanda fəaliyyət göstərən xarici təşkilatların ölkəmizdə keçirdiyi tədbirlərə nəzər salanda bir çox vətəndaş cəmiyyəti, QHT nümayəndələrimizin xaricdə keçirdiyi beynəlxalq tədbirlər, konfranslar Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdə keçirilən tədbirlərdən daha uğurlu, parlaq, lazımlı olub. Azərbaycan diasporunda yeni bir səhifə açılmalıdır. Biz diaspordan daha çox lobbiçiliyə keçməliyik. Bu gün Azərbaycan diasporu cənab Prezident İlham Əliyevin uğurlu, davamlı siyasətinə cavab vermir. Düşünürəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi bunu nəzərə alaraq xaricə fəaliyyət göstərən Azərbaycan diasporu və lobbi təşkilatları üzərində yenilənmə aparacaq. Bir neçə gün öncə Dövlət Komitəsinin xaricdəki soydaşlarımıza verdiyi medalların siyasına baxdıq. Təbii ki, orada layiqli şəxslər var. Mən onları təbrik edirəm. Cənab Fuad Muradova təşəkkür edirik ki, belə soydaşlarımızı stimullaşdırır, həvəsləndirir. Əlbəttə ki, Fuad Muradovun Komitəyə gəlişindən sonra bu qurumda çox mühüm dəyişikliklər oldu. Lakin sədr birmənalı şəkildə bütün insanları nəzarətdə saxlaya, izləyə bilməz. Bu cür insanlarla bağlı məsul şəxslər var. Sözügedən şəxslər isə işinin öhdəsindən müvəffəqiyyətlə gəlməlidirlər”.Azxeber.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki