image-img-20230713-wa0076backend

2023-cü ilin altı ayının sosial iqtisadi yekunları ilə bağlı Prezident İlham Əliyevin çıxışı haqqında

image-reklam_sirab_01

2023- cü il iyul ayının 11- də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin 6 ayının sosial iqtisadi yekununa dair təşkil olunmuş müşavirədə çıxışı oldu. Dövlətimizin başçısı öz çıxışında bu ilin 6 ayının artıq geridə qaldığını və müəyyən dərəcədə yekunlar haqqında danışmağın mümkünlüyünü qeyd edib. Bu il iqtisadi sahədə əsas inkişaf sahələrinin ölkəmizin dayanıqlı yüksəlişinin təmin olunması, qeyri neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahədə islahatların aparılmalı olmasından danışıb.
Çıxışda bildirilib ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatda xeyli irəliləyişlər əldə olunub, əsasən qeyri – neft sektorunun sənaye sahəsi 6,5 faiz artıb, ümumiyyətlə isə 3 faizdən çox artım var. Bununla yanaşı maliyyə vəziyyətimiz də gözəçarpan dərəcədə yaxşılaşıb. Bunun səbəbləri: maliyyə sektorunda nizam – intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi olub.
Prezidentimiz dövlət büdcəsi haqqında da məlumat verib: “ Bizim bu ilki büdcəmiz 36 milyard manatdan çoxdur, əlbəttə bu bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, azad edilmiş torpaqlarda geniş quruculuq işlərini davam etdirək, həm də hərbi gücümüzü artıraq, büdcənin 1,8 milyard manatı Qarabağın və Şərqi Zəngəzurun bərpasına, 1,1 milyard manatı isə hərbi potensialımızın güclənməsinə ayrılmışdır. Xarici dövlətlərə olan borclarımız uğurla idarə olunur, artıq borc göstəricisi 10 faizin altındadır, bu isə qoyulan hədəfə yaxınlaşmaq deməkdir. ”
Manatın məzənnəsinin sabit qalması, xarici ticarətin durmadan inkişaf etməsi, minimum əmək haqlarının artırılması və minimum pensiyaların artırılması haqqında da danışılıb. İnfilyasiya göstəricisinin ikirəqəmlidən birrəqəmliyə salınmasının isə gələcək hədəflərdən olduğu göstərilib.
Məcburi köçkünlərin Qarabağa qaytarılması haqqında isə bu məsələlər vurğulanıb: ” Artıq bu il Talış kəndinə və Laçın şəhərinə əhalinin köçünü təmin etmişik, ilin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Böyük qayıdışın birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur, fəal inkişaf işləri davam edir, yaşayış evlərinin inşası davam edir. 8 ay ərzində Laçın şəhərinin böyük hissəsi bərpa edilib, 100 dən çox ailə üçün burada həm fərdi ev, həm də çoxmənzilli evlər hazırlanıb.” Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımların atılacağı, quruculuq işlərinin daim nəzarətdə saxlanılacağı, bu məsələnin gündəlikdə ən öndə duran məsələ olacağı vurğulanıb. Laçında aparılan quruculuq işlərinin Azərbaycanın dövlət büdcəsi hesabına aparıldığı, Heydər Əliyev Fondunun 10 dan çox məscidi yenidən inşa etməsi və ya əsaslı şəkildə təmiri vurğulanıb. Gələn ilin büdcəsi hazırlanarkən təkcə Qarabağ və Zəngəzurda quruculuq işləri deyil, bütün ölkə üzrə sənayenin inkişafı nəzərdə tutulacaq, bunun üçün də ayrılan vəsaitə qənaətlə yanaşmaq, şəffaflığın təmin olunmasına ciddi nəzarətin lazım olduğu qeyd edilib.
Prezident öz çıxışında dünyadakı siyasi vəziyyət, beynəlxalq hüququn pozulması haqqında da danışıb, ölkəmizin daima ədalətin tərəfdarı olduğu vurğulanıb, ancaq bununla belə bizim hərbi gücümüzün artırılmasının labüd olduğu, azad edilmiş torpaqlara qoyulan maliyyə vəsaiti qədər vəsaitin hərbi gücümüzün artırılmasına qoyulacağı göstərilib. Azərbaycan xalqının rahat yaşayışının əsas şərt olduğu, Ermənistanın sülh danışıqları prossesində müsbət irəliləyiş nümayiş etdirdiyi qeyd edilib.
Nəqliyyat, gəmiqayırma, ekologiyanın qorunması, neft sənayesinin və yaşıl enerjinin inkişafından da ətraflı danışılıb. Təbii sərvətlərin istifadəsi zamanı ekologiyanın qorunmasının, insanların sağlamlığının öndə tutulmasının vacib olduğunu vurğulanıb və bu sahədə çalışan strukturlara ciddi göstərişlər verilib.
Çıxışın sonunda “Abşeron” və “Şahdəniz” qaz yataqlarının uğurla istifadəsi haqqında da geniş məlumat verilib, daha sonra isə müşavirə müzakirələrlə davam etdirilib.
Ölkəmizin siyasi, iqtisadi, sosial inkişafı hər bir Azərbaycan vətəndaşını sevindirir, bunun üçün biz ölkə başçımıza dərin minnətdarlıq hissimizi çatdırırıq və bu inkişafın, tərəqqinin daimi olacağına əminik.

Mehriban Həbibova
Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin tarix müəllimi

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki