image-327-atakisiyeva-gunelbackend

26 Fevral həm də xalqımızın mübarizlik, qəhrəmanlıq, rəşadət tarixidir.

image-reklam_sirab_01

Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralardan qan süzülür.

XX əsrin sonunda Azərbaycan xalqı özünün istiqlal mübarizəsində 20 Yanvar faciəsini yaşamış,bundan 2 il sonra törədilən Xocalı soyqırımı qan yaddaşımıza əbədi həkk olunmuşdu.

“Sərt gəldi fevralın 26-sı

Al qana qərq oldu bulaqlarda su

Qəfildən quruldu bu yurdun yası

Bir kəsə çatmadı səsim,Xocalı!”

Əslində bu yurda, bütövlükdə Azərbaycan xalqına qarşı erməni millətçi şovinistlərinin və onların havadarlarının etnik təmizləmə siyasəti 200 ildən artıq davam etmiş, Xocalı vandalizmi bu siyasətin pik nöqtəsi olmuşdur.

1992- ci il fevralın 26- da Ermənistan hərbi birləşmələri və Rusiyanın 366- cı alayı 7000 əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Soyqırım zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşda olan dinc sakin aldıqları güllə yarasından həlak oldu. Faciə baş verən gecə 1275 nəfər Xocalı sakini girov götürüldü ki, onların 150-sinin taleyi indi də məlum deyil, 8 ailənin, ümumiyyətlə, nəsli kəsildi.

Xalqımızın qəhrəmanlıq tarixinə adlarını qızıl hərflərlə yazan Əlif Hacıyev, Tofiq Hüseynov, Aqil Quliyev, Şöhrət Həsənov və digərləri düşmənlə qeyri-bərabər döyüşdə mərdliklə həlak oldular.O gün Xocalı sakinləri sübut etdilər ki, uğrunda qan tökülən torpaq-Vətəndir.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırımının 10 illiyi münasibəti ilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: ”Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu, kütləvi terror aktlarından biri kimi daxil oldu”. Ulu Öndər bu soyqırımı”bütün bəşəriyyətə qarşı tarixi bir cinayət” kimi qiymətləndirirdi.

Azərbaycan Prezidenti İlham Əliyev isə Xocalı faciəsini “erməni  millətçilərinin yüz illiklər boyu Türk  və Azərbaycan xalqlarına qarşı apardığı soyqırım və etnik təmizləmə siyasətinin qanlı səhifəsi” adlandırmışdı.

2020- ci il sentyabrın 27- dən başlanan və noyabrın 8- də zəfərlə  başa çatan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımız düşmən tapdağından azad olundu. İndi bu torpaqlara həsrətli insanların geri qayıtması istiqamətində geniş tədbirlər həyata keçirilir. İnanırıq ki, çox yaxın zamanlarda Xocalımıza da xocalıların qayıdışının şahidi olacağıq! 30 ilin kədəri çöhrələrindən silinməyən, amma doğma torpaq həsrətinə son qoyacaq xocalıların!

 

“Şəhidlərin qanı yerdə qalmayacaq,

Anaların haqqı düşməndən sorulacaq,

İgid oğullar səni düşməndən qurtaracaq,

Xocalı,ay Xocalı!”

 

Günel Atakişiyeva

Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki