Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev ili” çərçivəsində Bakıdakı 3 nömrəli Uşaq evində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş “Bizim Ulu Öndərimiz” adlı tədbir keçirilib.
Tədbirin əvvəlində iştirakçıların ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Uşaq evinin müdirəsi Məhbubə Hüseynova çıxış edərək Ulu Öndər Heydər Əliyevin 3 nömrəli uşaq evində olması, burada uşaqlar və müəllimlərlə görüşməsi ilə bağlı xatirələrini danışarq qeyd etdi ki, uşaqlarımız hər dəfə Heydər Əliyevlə olan görüşlərindən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşdur.
Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Kərəm Qafarlı Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən danışdı və ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın bu gün həyata keçirdiyi işlər barədə ətraflı məlumat verdi.
Sonra uşaq evinin şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə, Azərbaycana, Şanlı ordumuza həsr olunan şerlər və mahnılar səsləndirildi, uşaqlar şən rəqs nümunələri ilə çıxış etdilər.