image-atet_m_6754backend

“30 ildə ATƏT PA-nın rolunun kifayət qədər səmərəli olmadığını gördük” – DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image-reklam_sirab_01

“Bir neçə gün sonra Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının payız sessiyası Ermənistanda keçiriləcək. Payız sessiyası ərəfəsində Azərbaycana səfər edən ATƏT PA-nın Prezidenti Pia Kauma Prezident İlham Əliyev, Milli Məclisin sədri Sahibə xanım Qafarova və DTX sədri Əli Nağıyev tərəfindən qəbul olunub. Bütün görüşlərdə ATƏT PA-nın sülhün və təhlükəsizliyin təmin olunmasındakı roluna toxunulub”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

image-1687600330_cavansir_feyziyev

Onun sözlərinə görə, Azərbaycan Prezidenti xanım Kaumanı qəbul edərkən bölgədəki mövcud durumla bağlı məlumat verib və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanması üçün real imkanların olduğunu bildirib: “Bununla bərabər ölkə başçısı 88-90-cı illərdə Ermənistandan çıxarılmış Azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ və bu hüquqların reallaşdırılması ilə bağlı Azərbaycan tərəfindən qaldırılan məsələyə Ermənistan tərəfindən aydın bir cavabın verilmədiyini də ATƏT PA-nın prezidentinin diqqətinə çatdırıb.

Milli Məclisdə keçirilmiş görüşdə xanım Qafarova ATƏT PA-nın fəaliyət göstərdiyi bütün müddətdə ölkəmizə qarşı müşahidə olunan ikili standartların qəbuledilməz olduğunu bildirib və ATƏT PA-nın Ermənistan üçün Azərbaycana qarşı təbliğat platformasına çevrilməsinin yolverilməz olduğunu vurğulayıb”.

Deputat sözlərinə davam edərək bildirib ki, DTX sədri ilə keçirilən görüşdə erməni təcavüzü nəticəsində itkin düşmüş hesab olunan 4 minə yaxın soydaşlarımız haqqında Ermənistan tərəfindən heç bir məlumatın verilmədiyi ATƏT PA-nın prezidentinin diqqətinə çatdırılıb: “Mətbuata verilən məlumatlardan belə qənaətə gəlmək olar ki, Azərbaycanda keçirilmiş bütün görüşlərdə ATƏT PA-nın son 30 il ərzində bölgəmizdə baş verən hadisələrə səmərəli təsir göstərə bilmədiyi vurğulanıb.

Yaxın günlərdə Ermənistanda keçiriləcək sessiya “ATƏT böhran anlarında: daxili və xarici çağırışlara qarşı mübarizədə Parlament Assambleyasının rolu” devizi altında keçirilir. Azərbaycanda keçirilmiş görüşlərdə qaldırılan bütün məsələlərlə bağlı ATƏT PA -nın hansı tədbirlər görə biləcəyi və bu tədbirlərin nə dərəcədə obyektiv və təsirli olacağı o qədər də aydın deyil. Çünki son 30 il ərzində Cənubi Qafqaz bölgəsində mövcud olmuş davamlı böhran vəziyyətində ATƏT PA-nın rolunun kifayət qədər səmərəli olmadığını görmüşük. ATƏT PA öz fəaliyyətində köklü dəyişikliklər edə biləcək yoxsa yox, bunu yaxın gələcək göstərəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki