image-1696408562_12backend

31 il sonra nəşi tapılan şəhidin həyat yoldaşı: “Ailəmiz üçün ən böyük hədiyyə oldu”

image-reklam_sirab_01

31 il sonra nəşi tapılan şəhidin həyat yoldaşı:
“Yoldaşım Veysəlin meyit qalıqlarının tapılması xəbəri qızımın ad gününə təsadüf etdi və bu, ailəmiz üçün ən böyük hədiyyə oldu”.

“Report” xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində itkin düşən, 31 ildən sonra meyitinin qalıqları Şuşanın Daşaltı kəndində tapılan Veysəl Qasımovun həyat yoldaşı Mərziyyə Qasımova deyib.

Onun sözlərinə görə, V.Qasımov Milli Qəhrəman Riad Əhmədovun ən sevimli döyüşçüsü olub və onunla da birgə itkin düşüb: “İki azyaşlı uşağımızı mənə əmanət edib döyüşlərə könüllü şəkildə qatıldı. Həyat yoldaşım Veysəl Qasımov çox mərd, vətəninə, ailəsinə bağlı bir vətəndaş idi. Milli Qəhrəman Riad Əhmədova söz vermişdi ki, ya onunla birgə şəhid olacaq, ya da onunla birgə geri dönəcək. Dönüşləri belə oldu… Veysəl ailənin yeganə övladı idi. O eyni zamanda peşəkar idmançı idi. Sevinirik ki, bizim də digər şəhid ailələri kimi ziyarət etməyə məzarımız olacaq. Bizə bu günləri yaşadan Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, eləcə də rəşadətli Azərbaycan Ordusuna minnətdarıq”.

Qeyd edək ki, Veysəl Qasımov 1963-cü ildə Bakı şəhərində anadan olub. 29 saylı tam orta məktəbin məzunu olduqdan sonra könüllü ordu sıralarına yazılıb.

1992-ci ildə Şuşa döyüşlərinin iştirakçısı olub. Daşaltı əməliyyatında döyüşüb və orada itkin düşüb.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də şəhid Veysəl Qasımovdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki