“Böyük Ermənistan” xülyası ilə yaşayan, uydurduqları bu mifə inanaraq, onun gerçəkləşməsi üçün hər cür vasitəyə əl atmaqdan çəkinməyən erməni şovinistləri öz havadarlarının da böyük qayğı və dəstəyi ilə xalqımıza qarşı daim terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi çirkin siyasət həyata keçirmişlər.
31 Mart Soyqırımı məhz bu çirkin siyasətin davamı, xalqımıza qarşı törədilən növbəti qəddarlığın bariz nümunəsidir. Bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Mart Soyqırımı təkcə paytaxt Bakıda deyil, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Qarabağda, Naxçıvanda və digər bu kimi bölgələrimizdə də törədilmişdir. Qoca, qadın, uşaq demədən on minlərlə günahsız soydaşımızın kütləvi qətli xalqımızın qan yaddaşında silinməz izlər buraxmışdır.
Tarixi faktlara əsasən, 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən erməni daşnak-rus bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqı xüsusi qəddarlığı ilə seçilən kütləvi qırğınlara məruz qaldı.
Silahlı quldur dəstələri öncədən planlaşdırılmış şəkildə ilk addım olaraq, azərbaycanlılara məxsus mülklərə, mağazalara hücumlar təşkil edir, soyğunçuluqla məşğul olur, əhalinin heysiyyatına toxunacaq, onlarda haqlı narazılıq və qəzəb doğuracaq bir sıra çirkin əməllər törədirdilər. Əsas məqsəd isə talançılıq və soyğunçuluq edən quldur dəstələrinin cəzasızlığını görən yerli əhalini etirazlara, özünümüdafiəyə məcbur etmək və beləliklə, yaxın gələcəkdə baş verəcək qətliamlara “Vətəndaş müharibəsi” siyasi donu geyindirmək idi. Beləliklə, istəklərinə nail olacaqları təqdirdə, Azərbaycanda sovet hakimiyyətinin qurulması bəhanəsi ilə əldə edəcəkləri böyük dəstək sayəsində ilk növbədə Bakıda, sonrakı mərhələdə isə regionlarda yerli əhaliyə qarşı kütləvi qırğınlar törətməklə qərbdən Aralıq dənizi, şərqdə isə Xəzər dənizinə qədər uzanan “Böyük Ermənistan” dövlətini qurmaq idi. Belə ki, hələ kütləvi qətliamlardan öncə Stepan Şaumyan 1918-ci il martın 15-də çıхış edərkən demişdir: “Bakı Soveti Zaqafqaziya vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir. …Bizim siyasətimiz – vətəndaş müharibəsidir. Kim bu siyasətin əleyhinə gedir, həmin adamlar düşmənlərimizdir”.
Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin başçıları qətliamdan öncə yaratdıqları daşnak-bolşevik hərbi-siyasi orqanı olan İnqilabi Müdafiə Komitəsinin qərargahına yığılaraq, təlimatlandırıldıqdan sonra müsəlman məhəllələrinə göndərilirdilər. Beləliklə, plana uyğun olaraq, yüksək hazırlıqlı silahlı erməni yaraqlıları məhəllələrə qəfil basqınlar etməklə insanların evlərinə soxulur, sakinləri xəncər və süngü ilə doğrayır, evləri talan edərək yandırır, uşaqları yandırdıqları evlərin içinə atır, südəmər çağaları isə süngülərə keçirirdilər. Hər cür insanlıqdan kənar vəhşiliyə əl atan erməni daşnak-rus bolşevik cəlladları müsəlman qadınlara qarşı da xüsusi amansızlıqla davranırdılar. Belə ki, qətliamdan sonra arşadırmalar nəticəsində şəhərin təkcə bir yerində torpağın altından qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 qadının cəsədi tapılmışdı. Çoxlu gənc qadınlar isə diri-diri divara mıxlanmışdılar.
Rəsmi mənbələrə əsasən, 1918-ci ilin 30 mart – 3 aprel tarixləri ərzində davam edən qırğınlar zamanı on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdi. Dənizdən və qurudan atılan top atəşləri nəticəsində xalqımızın milli-mədəni irsinə məxsus tarixi abidələr, dini inanc yerləri dağıdılmış və ya ciddi ziyan görmüşdü. İctimai və şəxsi binalar talan edilmiş, od vurularaq yandırılmışdı.
Erməni vandallığının qurbanına çevrilmiş obyektlərə Müsəlman Xeyriyyə Cəmiyyətinin “İsmailliyyə” binasını, “Açıq söz” və “Kaspi” qəzetinin redaksiya binalarını, “İsgəndəriyyə” və “İslamiyyə” mehmanxanalarını, Şah, Keyqubad və Təzəpir məscidlərini misal göstərmək olar.
Dinc əhalinin qırğınına rəhbərlik edən Stepan Şaumyan 1918-ci il aprelin 13-də RSFSR Хalq Komissarları Sovetinə göndərdiyi məktubunda qeyd edirdi: “Martın 30-31-də və aprelin 1-də Bakı şəhərində baş vermiş vuruşmada bizim tərəfdən Sovet qırmızı qvardiyası, təşkil etdiyimiz beynəlmiləl qırmızı ordu, qırmızı donanma və erməni milli hissələri vuruşurdular.”
Daha sonra o, yazırdı: “Həm yerli Sovetin, həm də buraya gəlmiş Qafqaz ordusunun qüvvələrini hərbi-inqilabi komitənin səylərini birləşdirərək, 6000 nəfər yaхşı silahlı qüvvə təşkil edə bildik. “Daşnaksütyun”un da 3-4 min nəfərlik milli hissələri var idi, onlar da bizim iхtiyarımızda idi. Milli hissələrin iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın хarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verirdik. Müsəlman yoхsulları böyük zərər görmüşlər”.
O zaman yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərinə əsasən, hadisə şahidlərinin ifadələrinə görə, üç gün davam edən kütləvi qırğın nəticəsində təkcə Bakı şəhərində erməni silahlıları tərəfindən təxmini hesablamalara görə 15-20 min arası dinc sakin vəhşicəsinə qətlə yetirilmişdi. Tarixi statistik göstəricilərə əsasən, Birinci Dünya Müharibəsindən (1914–1918) əvvəl təqribi hesablamalara görə, Bakı şəhəri əhalisinin ümumi sayının 200 000 nəfər olduğunu nəzərə alsaq, Mart Soyqırımı zamanı şəhər əhalisinin təqribən onda birinin qətlə yetirildiyini qeyd edə bilərik.
Bakı qırğınından sonra erməni quldurları bu çirkin əməllərini bölgələrdə də həyata keçirməyə başladılar. Bu barədə görkəmli ictimai-siyasi xadim, o zamanlar Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı vəzifəsində çalışan Nəriman Nərimanov yazırdı: “Lakin belə bir dəhşətli hadisədən sonra, onun qəzalar üzrə həyata keçirilməsini davam etdirmək nəyə lazım idi. Baх, suala 1918-ci ildə Bakıdakı Sovet hakimiyyəti cavab verməlidir.”
Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı cinayəti törədən 2 000 nəfərdən ibarət yaхşı silahlandırılmış erməni quldur ordusu Şamaхıda sovet hakimiyyəti qurmaq adı altında, 58 kənddə 1 653-ü qadın və 965-i uşaq olmaqla, ümumilikdə 7 000-dən çox dinc sakini qətlə yetirmiş, Şamaxı şəhərini isə yandıraraq yerləyeksan etmişdi.
1918-ci il may ayının 1-də isə Qubada sovet hakimiyyətinin qurulması adı altında daşnak Hamazaspın komandanlığı ilə 3 000 nəfərlik erməni quldur ordusu üç istiqamətdən şəhərə hücuma keçmişdi. Toplardan, pulemyotlardan və tüfənglərdən atəş açaraq Quba əhalisini, o cümlədən burada əsrlərdir yanaşı, mehriban yaşayan etnik qrupların nümayəndələrini də vəhşicəsinə qətlə yetirmişdilər.
Daşnak Hamazasp şəxsən özü qubalıları Cümə məscidinin qarşısındakı meydana toplayaraq onlara təxminən aşağıdakı məzmunda nitqlə müraciət etmişdir: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm… Mən buraya qayda-qanun yaratmağa və sovet hakimiyyəti qurmağa yox, sizdən qisas almağa göndərilmişəm”.
Beləliklə, həmin dövrdə erməni daşnak-rus bolşevik quldurları tərəfindən Quba qəzasında 167 kənd talan edilərək yandırılmış, 16 000 nəfərə yaxın sakin isə xüsusi qəddarlıqla, kütləvi şəkildə qətlə yetirilmişdir.
Həmçinin erməni daşnak-rus bolşevik silahlı dəstələri tərəfindən Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi əhalisi ilə birgə tamamilə məhv edilərək, yer üzündən silinmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3000 nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərədək qətlə yetirilmişdi. Erməni silahlı dəstələri Naxçıvan qəzasında bir neçə kəndi, Zəngəzur qəzasında isə 115 kəndi yandıraraq, 3257 kişi, 2276 qadın və 2196 uşaq olmaqla əliyalın, günahsız dinc əhalini qətlə yetirmişdilər. Ümumilikdə isə Zəngəzur qəzası üzrə 10 068 azərbaycanlı öldürülmüş və ya ömürlük şikəst edilmiş, 50 000-dən çox azərbaycanlı isə öz ata-baba yurd-yuvalarından didərgin salınmışdı.
Erməni daşnak-rus bolşevik silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, Qarabağın dağlıq hissəsində yerləşən 150 kəndi yağmalayaraq dağıtmış, əliyalın, dinc sakinlərini isə qətlə yetirmişdilər.
Mart Soyqırımından bir il sonra tarixi hadisələri gizlətməkdə və ya saxtalaşdırmaqda hər zaman “mahir” olan ermənilər baş vermiş bu qanlı hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi dünyaya təqdim etməyə çalışırdılar. Belə ki, 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını həyasızcasına inkar edir, həmin hadisələr zamanı guya öldürülən cəmi 1 000 nəfərdən 300-nün erməni və rus, 700-nün isə müsəlman olduğunu iddia edirdi.
Tarixi təhrif etmək mümkündür, lakin tarixi həqiqətləri, yaşanmış gerçəklikləri gizlətmək, onları silmək əsla. Belə ki, hələ 1918-ci ildən öncə 1905–1906-cı illərdə Naxçıvan, Qarabağ, Şirvan, Borçalı, İrəvan və digər ərazilərdə də xalqımıza qarşı qanlı qırğınlar, deportasiyalar törədilmişdi. Belə ki, həmin vaxtlar təkcə İrəvan quberniyasının 199 kəndində yaşayan 135 000 azərbaycanlı qətlə yetirilmiş, evləri yağmalanaraq yandırılmışdı. Azərbaycanın tanınmış yazıçısı, ədəbiyyatımızda tarixi roman janrının banisi Məmməd Səid Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdiyi qanlı qırğınları, soyqırımları qələmə alarkən yazırdı: “İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi”.
Təəssüflər olsun ki, sovet hakimiyyəti dövründə də xalqımıza qarşı etnik təmizləmə siyasəti davam etdirilmişdir. Belə ki, 1947–1953-cü illərdə yüzminlərlə soyadışımız öz tarixi yurd-yuvalarından – Qərbi Azərbaycandan zorla didərgin salınmışlar. Tarixi torparlarımızdan olan Zəngəzur mahalı isə 1923-cü ildə Azərbaycandan qopardılaraq, Ermənistana birləşdirilmişdir.
Tarixin sonrakı mərhələlərində isə xalqımızın qan yaddaşını silmək, acı keçmişini unutdurmaq və fürsət yarandığı təqdirdə öz çirkin planlarını yenidən gerçəkləşdirmək niyyətilə “Böyük Sovet ailəsi”, “Mehriban qardaş xalqlar” kimi siyasi oyunlar oynalındı, məkrli planlar cizildi.
Nəhayət 1988-ci ildən başlayaraq yeni ərazi iddiaları ilə Qarabağda vaxtilə köçürülmüş ermənilər tərəfindən separatizm meylləri yenidən alovlanmağa başladı. Yırtıcı düşmənin illərdir geyinmiş olduğu “mehriban qonşuşluq, qardaşlıq” maskası yırtıldı. Ölkədə tüğyan edən siyasi gərginlik və hərcimərclikdən məharətlə yararlanan məkrli düşmən torpaqlarımızı ard-arda işğal etməyə başladı.
1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən istiqlaliyyəti uğrunda çarpışan, mübarizəyə qalxan əliyalın, dinc əhaliyə qarşı bəşəri cinayət törədildi. Amansızcasına törədilən bu qətliam xalqımızın qan yaddaşını da yenilədi. İllərdir qaysaq bağlamış, sağalmaz yaralar bir daha sızlamağa başladı. Tarix sanki yenidən təkrarlandı, Mart Soyqırımı yenidən təzələndi. Belə ki, hadisələr təkcə paytaxt Bakı ilə yekunlaşmırdı. Qırğınlar Sumqayıt, Neftçala, Lənkəran və digər bölgələrdə də həyata keçirilirdi. Tarixə Qanlı Yanvar kimi düşən həmin hadisələr zamanı Bakıda və bölgələrdə ümumilikdə 131 nəfər qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbiçilər tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili tibbi yardım maşınları, dövlət əmlakları və şəxsi əmlaklar məhv edilmişdir. Qətlə yetirilənlər arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər (polis) də olmuşdur.
1992-ci il fevralın 25-dən 26-sına gecə isə Xocalı şəhərinin sakinlərinə qarşı tarixdə misli görünməmiş kütləvi qırğın – Xocalı Soyqırımı törədildi. Yüzlərlə günahsız soydaşımız qanına qəltan edildi, meyitləri qanasusamış erməni cəlladları tərəfindən müxtəlif təhqirlərə məruz qaldı. Kütləvi qırğın zamanı aralarında 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər ahıl, qoca olmaqla, ümumilikdə 613 nəfər vətəndaşımız qətlə yetirildi, 487 nəfər isə aldığı güllə yaralarından əlil oldu. Faciə zamanı Xocalının 1275 dinc sakini girov götürüldü ki, onlardan 197 nəfərinin sonrakı taleyi bu günədək hələ də məlum deyildir.
Xalqımızın başına gətirilmiş bu kimi cinayətlər, məkrli oyunlar bəlkə də unutqanlığımızdan, keçmişimizi düzgün şəkildə arşadırıb, təbliğ edə bilməməyimizdən irəli gəlirdi. Belə ki, hələ 1919-cu ildə Mart Soyqırımının ildönümü ilə əlaqədar böyük Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəyli özünün “31 mart” adlı məqaləsində yazırdı: “Bugünkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır”.
Beynəlxalq hüquqa görə, soyqırım sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab olunur. Bu barədə Birləşmiş Millətər Təşkilatının (BMT) Baş Məclisinin 1948-ci il dekabrın 9-da 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə minmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensiyasında soyqırım cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Bu mənada məlum Konvensiyada təsbit edilmiş soyqırım cinayətini əks etdirən bütün əməllər istər 31 mart 1918-ci il tarixdə törədilmiş Mart Soyqırımı, istərsə də 1992-ci il 26 fevralda törədilmiş Xocalı Soyqırımı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı tətbiq olunmuşdur.
Mart Soyqırımına ən layiqli qiymət isə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilmişdir. Belə ki, Ulu Öndər tərəfindən imzalanan 26 mart 1998-ci il tarixli Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməyə başlanılmışdır. Beləliklə, o gündən başlayaraq xalqımızın erməni cəlladları tərəfindən soyqırıma məruz qalması təkzibolunmaz faktlarla bütün dünyaya bəyan edilməyə başlanıldı. Bu isə özünü dünyaya daim məzlum, “soyqırım”lara məruz qalmış xalq kimi təqdim edən, tarixi faktları özünəməxsus şəkildə təhrif edərək saxtalaşdıran, dünya ictimaiyyətini çaşdıran, yanlış istiqamətə yönəldən ermənilər üçün əsl şok effekti yaratmışdı.
Beləliklə, bu gün biz azərbaycanlılar böyük inam və əminliklə söyləyə bilərik ki, öz haqlı mövqeyini qoruyan, müdafiə edən, tarixi həqiqətləri dünyaya bəyan edən, düşmən üzərində siyasi, iqtisadi və hərbi cəhətdən üstün, əzici mövqeyə malik müstəqil və azad ölkənin vətəndaşlarıyıq.
Bu dövlət layiqli davamçı, müdrik rəhbər, öz xalqına, vətəninə, adət və ənənələrinə, milli kimliyinə canı və qanı ilə bağlı olan, onu daim sevən, yaşadan İlham Əliyev tərəfindən gün-gündən inkişaf edir, möhkəmlənir və öz hərbi qüdrətini artırır. Bu isə gələcəkdə 31 Mart Soyqırımı kimi qanlı faciələrin bir daha təkrarlanmayacağının ən etibarlı təminatıdır.
Bu gün xalqımız işğal edilmiş bütün tarixi torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə geri qaytarılacağına, öz hərbi-siyasi tarixinə yeni və parlaq zəfərlərlə imza atacağına əminliklə inanır.
Coşqun MƏMMƏDOV
AMEA Rəyasət Heyətinin elmi katibi