Prezident İlham Əliyev: “Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur”
Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər yalnız iki dövlət arasındakı diplomatik əlaqələrlə məhdudlaşmır. Bu münasibətlər dərin tarixi köklərə, ortaq milli kimliyə, mədəni irsə və mənəvi dəyərlərə əsaslanır. Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibəsində bu məqamlar xüsusi vurğulanaraq, iki ölkə arasında formalaşan yüksək səviyyəli strateji tərəfdaşlığın və müttəfiqliyin əhəmiyyəti önə çəkilmişdir.
Azərbaycan və Qazaxıstan türkdilli xalqların ayrılmaz hissələridir. Hər iki xalq ortaq etnik köklərə, oxşar adət-ənənələrə, dilə və mədəniyyətə malikdir. Bu ortaq mənəvi-mədəni zəmin ölkələr arasında yalnız siyasi deyil, həm də ictimai və humanitar sahələrdə səmərəli əməkdaşlıq üçün münbit zəmin yaratmışdır. Prezident İlham Əliyevin sözləri ilə desək, “xalqlarımız arasında tarixi qardaşlıq, dostluq və qarşılıqlı dəstək” bu münasibətlərin təməlində dayanır. Bu baxımdan, Azərbaycan-Qazaxıstan əlaqələri təkcə dövlət rəhbərlərinin siyasi iradəsinin deyil, həm də xalqların qəlbində kök salmış birliyin nəticəsidir.
Son illərdə Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələr yeni mərhələyə qədəm qoymuşdur. İki ölkə prezidentləri arasında keçirilən görüşlər, imzalanan sənədlər və aparılan yüksək səviyyəli müzakirələr dövlətlərarası münasibətləri daha da gücləndirmişdir. Prezident İlham Əliyev qeyd edir ki, “ən yüksək səviyyədə aparılan fəal və konstruktiv dialoq” ikitərəfli əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır. Bu dialoq təkcə protokol çərçivəsində deyil, həm də praktiki sahələrdə – energetika, nəqliyyat, kənd təsərrüfatı, sənaye və humanitar əməkdaşlıqda da özünü göstərir.
2025-ci ildə Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illiyi qeyd olunur. Bu mühüm sənəd iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasını təmin etmiş, dövlətlərarası əməkdaşlığın hüquqi və siyasi əsaslarını formalaşdırmışdır. Prezident İlham Əliyev müsahibəsində bu müqavilənin əhəmiyyəti, tərəflər arasında yaranmış qarşılıqlı etimad və çoxşaxəli əməkdaşlıq əlaqələri xüsusi vurğulanmışdır.2005-ci ildə imzalanan bu müqavilə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin sadəcə dostluq səviyyəsində deyil, strateji və müttəfiqlik çərçivəsində inkişaf etdirilməsinə siyasi iradənin ifadəsi idi. Sənədin əsas mahiyyəti qarşılıqlı dəstək, ortaq maraqlara xidmət edən əməkdaşlıq və regional sabitliyin qorunması prinsipləri üzərində qurulmuşdur. Bu 20 il ərzində hər iki ölkənin rəhbərləri tərəfindən bu münasibətlərin davamlı və məqsədyönlü şəkildə inkişaf etdirilməsi üçün siyasi iradə nümayiş etdirilmişdir. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, ötən 20 il ərzində Azərbaycan və Qazaxıstan arasında təqribən 170 hüquqi sənəd imzalanmışdır. Bu sənədlər aşağıdakı sahələrdə əməkdaşlığın hüquqi bazasını formalaşdırmışdır. Bu hüquqi baza ölkələr arasında sabit, qarşılıqlı faydalı və uzunmüddətli əməkdaşlığın davamlılığını təmin edən əsas sütun rolunu oynayır.
Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələr hər zaman yüksək səviyyədə olub. İki ölkənin prezidentləri arasında mütəmadi olaraq keçirilən görüşlər və telefon danışıqları, həm ikitərəfli, həm də beynəlxalq tədbirlər çərçivəsində davam edən siyasi dialoq qarşılıqlı etimad mühitini daha da möhkəmləndirmişdir. Tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində – xüsusilə BMT, Türk Dövlətləri Təşkilatı, ATƏT, İƏT və MDB daxilində bir-birini dəstəkləyir, ortaq mövqe nümayiş etdirirlər.
Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir. Bu çərçivədə əməkdaşlıq yalnız ikitərəfli münasibətlərə deyil, həm də türkdilli dövlətlər arasında inteqrasiya proseslərinə böyük töhfə verir. Ortaq türk kimliyi əsasında formalaşan bu əməkdaşlıq modeli regionda sabitlik, təhlükəsizlik və dayanıqlı inkişaf üçün strateji əhəmiyyətə malikdir. Türk Dövlətləri Təşkilatı çərçivəsində qəbul edilən qərarlar və həyata keçirilən layihələr Azərbaycan və Qazaxıstan arasında həm iqtisadi, həm də siyasi inteqrasiyanı dərinləşdirir. Bu birlik modeli digər regionlara da nümunə ola bilər.
Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın daha bir mühüm istiqaməti – nəqliyyat və logistika sahəsindəki tərəfdaşlıqdır. Xəzər dənizi üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, o cümlədən Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Bu layihələr sayəsində Azərbaycan və Qazaxıstan Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Eyni zamanda, enerji resurslarının daşınması, ticarət dövriyyəsinin artırılması və regionun geoiqtisadi rolunun yüksəldilməsi üçün geniş imkanlar yaradılır. Enerji sahəsində də tərəfdaşlıq dinamik inkişaf edir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Qazaxıstanın müvafiq qurumları arasında əməkdaşlıq, həmçinin qaz, neft və neft məhsullarının birgə tranziti və emalı məsələləri gündəlikdədir. Eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu, birgə müəssisələrin yaradılması və innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq üçün geniş potensial mövcuddur. Bu baxımdan Azərbaycan və Qazaxıstan iqtisadiyyatlarının bir-birini tamamlaması regional inkişaf üçün yeni imkanlar açır. İki ölkə arasında humanitar və təhsil sahəsində əməkdaşlıq da genişlənməkdədir. Qazaxıstanda Azərbaycan dilinin və mədəniyyətinin təbliği, eyni zamanda Azərbaycanda qazax dili və ədəbiyyatına olan maraq xalqlar arasında mənəvi bağları daha da gücləndirir. Tələbə mübadiləsi, birgə elmi layihələr və mədəni tədbirlər bu əlaqələrin təməlində duran ortaq köklərin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Prezident İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin sadəcə dostluq və tərəfdaşlıq deyil, strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha təsdiqlədi. Bu münasibətlər yalnız ikitərəfli deyil, həm də regional və beynəlxalq səviyyədə sabitliyin və əməkdaşlığın nümunəsi kimi çıxış edir.
Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi