image-reklam-veteninfo
image-3backend

Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış strateji tərəfdaşlıq müqaviləsi iki ölkə arasında möhkəm hüquqi baza formalaşdırıb

image-reklam-veteninfo

Azərbaycan və Qazaxıstan münasibətləri ortaq tarixi və mədəni köklər üzərində qurulub və dövlət başçılarının şəxsi dostluq münasibətləri sayəsində gündən-günə inkişaf etməkdədir. Son illər prezidentlərinin müntəzəm şəkildə həyata keçirdikləri rəsmi və işgüzar səfərlər ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə və 170-dən çox sənəd iki ölkə arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün möhkəm hüquqi baza formalaşdırıb. Siyasi əlaqələrin dərinləşməsinin əsasını iqtisadi münasibətlərin inkişafı təşkil edir. Azərbaycan və Qazaxıstan yerləşdikləri əlverişli coğrafi mövqedən səmərəli istifadə edərək Orta Dəhlizi inkişaf etdirməklə Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayırlar. Bu, yükdaşımaların həcmini artırmaqla yanaşı, tranzit potensialını da əhəmiyyətli dərəcədə genişləndirib.

2024-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. Bu marşrut üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyədən olan 20-dən çox logistika və liman operatorunun birləşməsi daşımaları daha səmərəli edərək çatdırılma müddətini 38 gündən 19 günə endirib.

Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm seqmenti kimi beynəlxalq yükdaşımaların daha da artmasına imkan verəcək. Dəhlizin istifadəyə verilməsi Orta Dəhlizin uzunluğunu 600–700 kilometr qısaldacaq, nəticədə daşıma xərcləri 10–15 faiz azalacaq. Bu da Çindən Avropa ölkələrinə qədər uzanan xətt boyu dövlətlərin bu marşruta marağını artıracaq.

Orta Dəhliz təkcə yüklərin daşınması ilə məhdudlaşmır. 2026-cı ilin sonuna qədər tikintisi başa çatdırılması planlaşdırılan Xəzər dənizinin dibi ilə keçəcək rəqəmsal dəhliz və Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji şəbəkələrini birləşdirəcək yaşıl enerji dəhlizi əməkdaşlığın yeni mərhələsini açacaq. Bu layihələr regional və qlobal əməkdaşlığın dərinləşməsinə geniş imkanlar yaradacaq.

Qazaxıstan hazırda Azərbaycan ərazisindən BTC (Bakı–Tbilisi–Ceyhan) boru kəməri vasitəsilə ildə 1,5 milyon ton neft ixrac edir. Azərbaycan isə 2027-ci ilə qədər bu göstəricini 7 milyon tona çatdırmağı hədəfləyir.

Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi dinamik şəkildə artır. Qazaxıstan Mərkəzi Asiyada Azərbaycanın birinci ticarət tərəfdaşıdır. 2024-cü ildə ticarət dövriyyəsi 470 milyon dollar təşkil etdiyi halda, bu ilin ilk 8 ayında 547 milyon dollara yüksəlib. Həmin il ərzində Azərbaycan Qazaxıstandan 450 mindən çox ton taxıl idxal edib. Ölkələrimiz Qafqaz və Türkiyə bazarlarında kənd təsərrüfatı məhsullarının emalı və paylanması üzrə birgə mərkəzlərin yaradılmasını da planlaşdırır.

Oktyabrın 20-də Qazaxıstana yeddinci səfərini gerçəkləşdirən Azərbaycan Prezidentinin həmkarı Kasım-Jomart Tokayevlə ötən müddətdə apardığı müzakirələr faydalı və səmərəli olmaqla münasibətlərin yeni mərhələyə daxil olmasına əhəmiyyətli təsir göstərib.

Astanadakı görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Təqdimat mərasimində qeyd edilib ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulanıb ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.

Daha sonra hər iki dövlət başçısının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub, prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir.  Son illər Prezident Kasım-Jomart Tokayevin həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir. Dövlətimizin başçısı Qazaxıstanın beynəlxalq nüfuzu da möhkəmləndiyini xüsusi vurğulayıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatında söyləyib ki, Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir. “Sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram (Qazaxıstan və Azərbaycan – red.) qrafik üzrə həyata keçirilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi və biz yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəldik”, – deyə Qazaxıstan Lideri vurğulayıb.

Qeyd edilməlidir ki, Qazaxıstan, həmçinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə də qardaş dəstəyini göstərib. Füzulidə inşa edilərək istifadəyə verilmiş Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi Azərbaycan–Qazaxıstan dostluğunun rəmzinə çevrilib. Burada təhsil alan 100-dən çox şagird Qazaxıstanın tarixi və mədəniyyəti ilə tanış olaraq xalqlarımızın yaxınlaşmasına töhfə verir. Ümumilikdə Azərbaycan və Qazaxıstan qardaş və dost ölkələr olaraq ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirir, beynəlxalq platformalarda eyni mövqedən çıxış edirlər. Əlaqələrin dərinləşməsi və vahid mövqedən çıxış etməyimiz regionda və dünyada mövqelərimizin möhkəmlənməsinə xidmət edir.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki