image-reklam-veteninfo
image-2q7a6772backend

AMEA Rəyasət Heyətinin iclasında bir sıra  məsələlər müzakirə edilib

image-reklam-veteninfo

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Əvvəlcə AMEA-nın müxbir üzvü Pənah Muradova və AMEA-nın müxbir üzvü Saleh Məhərrəmova AMEA-nın Fəxri fərmanları təqdim olunub.

İclasda müzakirəyə çıxarılan ilk məsələ AMEA-nın 80 illik yubileyinə hazırlığın gedişi və qarşıda duran vəzifələr haqqında olub.

Akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə 4 noyabr 2025-ci il tarixində AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yekun yubiley tədbiri keçiriləcək. Akademik İsa Həbibbəyli yekun yubiley tədbirində 21 ölkənin Akademiyasından 42 nümayəndənin iştirak edəcəyini, həmin günlərdə onların iştirakı ilə Akademiya Muzeyinin açılacağını, həmçinin AMEA-nın Nadir Ağaclar Parkında ağacəkmə aksiyasının, eləcə də “Yanardağ” Qoruğuna gəzintinin təşkil olunacağını söyləyib. Qeyd edib ki, noyabr ayının 5-də isə Türk dünyasının Elmlər Akademiyalarının iştirakı ilə görüş keçiriləcək və Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı təklif və tövsiyələr hazırlanacaq.

Akademiyanın 80 illik yubileyi ilə bağlı hazırlanan nəşrlər barədə məlumat verən akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, “Elm” nəşriyyatı tərəfindən bir sıra nəşrlər – “Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən İlham Əliyevə”, “Azərbaycan Milli Elmlər Akademiyası XX əsrdə tarixi zərurətdən yarandı”, “Azərbaycan Milli Elmlər Akademiyası yeniləşmə və islahatlar yollarında”  kitab və monoqrafiyalar, ikicildlik “Azərbaycan Milli Elmlər Akademiyası. Simalar”, “Azərbaycan Milli Elmlər Akademiyası. Tanıtma kitabı”, AMEA-nın təsisçiləri, eləcə də digər görkəmli həqiqi və müxbir üzvlərinin biblioqrafiyaları, “Elm və həyat” jurnalının xüsusi buraxılışı və s. olmaqla, ümumilikdə 50-yə yaxın nəşrin hazırlanması nəzərdə tutulub. Akademik İsa Həbibbəyli bildirib ki, bu nəşrlər Akademiyanın keçmişini və bu gününü, əldə etdiyi nailiyyətləri gənc nəslə, eləcə də AMEA-nın yubileyi ilə bağlı ölkəmizə gələcək qonaqlara təqdim etmək baxımından xüsusi əhəmiyyət kəsb edir.

Natiq qeyd edib ki, bu nəşrlər AMEA-nın 80 illik yubileyinə həsr olunmuş elmi nailiyyətlər sərgisində ölkə və beynəlxalq elmi ictimaiyyətə təqdim ediləcək. Həmçinin tədbir çərçivəsində peşəkar mütəxəssislər tərəfindən hazırlanmış və AMEA-nın fəaliyyətini əks etdirən xüsusi videoçarx nümayiş olunacaq.

AMEA rəhbəri yekun yubiley tədbirinin elmi və təşkilati baxımdan mükəmməl hazırlanmasının yubiley çərçivəsində qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu deyib və müvafiq tapşırıqlarını verib.

İclasda müzakirə edilən növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” 17 sentyabr 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edilməsi barədə olub.

Akademik İsa Həbibbəyli bildirib ki, Sərəncamın icrası ilə əlaqədar olaraq AMEA-nın Rəyasət Heyəti tərəfindən 29 sentyabr 2025-ci il tarixində qərar qəbul edilib və AMEA-nın müvafiq elmi bölmələrinə, müəssisə və təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Fətəli xan Xoyskinin 150 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması üçün təkliflərin hazırlanaraq AMEA-nın İctimai Elmlər Bölməsinə təqdim edilməsi tapşırılıb. Akademik İsa Həbibbəyli vurğulayıb ki, ötən müddət ərzində təqdim olunmuş təkliflər əsasında AMEA-nın İctimai Elmlər Bölməsi tərəfindən Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planının layihəsi hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim olunub.

Sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimov Tədbirlər planını təqdim edib. Bildirib ki, Tədbirlər planında “Fətəli xan Xoyski: Azərbaycanın milli dövlətçilik tarixində fenomenal şəxsiyyət”, “Azərbaycanın istiqlal mücahidi”, “Fətəli xan Xoyskinin həyatı və ictimai-siyasi fəaliyyəti”, “Azərbaycan ədəbiyyatında Fətəli xan Xoyskinin bədii obrazı”, “Azərbaycan milli dövlətçilik tarixində Fətəli xan Xoyski irsi – ədalətin, vətənpərvərliyin və istiqlalın təcəssümü”, “Cümhuriyyət qurucularından biri: Fətəli xan Xoyskinin həyat və fəaliyyəti” mövzusunda seminar, konfrans və s. tədbirlərin keçirilməsi, “Fətəli xan Xoyski” monoqrafiyasının və digər nəşrlərin çapı nəzərdə tutulub.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planını təsdiqləyib.

İclasda müzakirə edilən növbəti məsələ AMEA-nın 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatların hazırlanması haqqında olub. Məsələ ilə bağlı məlumat verən akademik Arif Həşimov hesabatların əvvəlcə şöbələrdə, daha sonra müəssisələrin Elmi şuralarında, AMEA-nın elmi bölmələrində və Rəyasət Heyətinin iclasında dinləniləcəyini bildirib.

Rəyasət Heyəti tərəfindən hesabatların yüksək səviyyədə hazırlanması ilə bağlı müvafiq qərar qəbul olunub.

İclasda AMEA-nın “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirakının yekunları haqqında da müzakirələr aparılıb.

Məsələ ilə bağlı AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov çıxış edərək bildirib ki, sərgiyə hazırlıq yüksək səviyyədə həyata keçirilib və Akademiyanın zəngin elmi irsi ictimaiyyətə təqdim olunub. “Elm” nəşriyyatının stendində 600-dən çox monoqrafiya, çoxcildlik əsər, soraq-məlumat ədəbiyyatı, biblioqrafiya və jurnal sərgilənib. Sərgi çərçivəsində AMEA-nın “Akademiyada: biblioqrafik nəşrlər və seriyalı akademik nəşrlər” və “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbirlərinin keçirildiyini, AMEA-nın 80 illiyi ilə bağlı monoqrafiyaların, biblioqrafiyaların, tanıtma kitabının, eləcə də elmin müxtəlif sahələrinə dair seriyalı nəşrlərdən ibarət 100-dən çox kitabın, həmçinin Zəngəzura dair 56 nəşrin təqdim edildiyini diqqətə çatdırıb. Bildirib ki, hər iki tədbir böyük maraqla qarşılanıb və Azərbaycan elminin dövlətçilik ideallarına sədaqətlə xidmətini nümayiş etdirib.

“Akademiyanın elmi irsini geniş təbliğ etmək baxımından sərgidə iştirakımız uğurlu oldu. İkincisi, əvvəlki illərdən fərqli olaraq, AMEA-nın institut və təşkilatlarının vahid stend altında birgə çıxışı Akademiyanın mövqeyini daha da gücləndirdi. Həmçinin 80 illik yubileyə həsr edilən nəşrlər Akademiyanın yubileyə ciddi hazırlaşdığını nümayiş etdirdi. Və nəhayət, 25 ildən sonra “Elm” nəşriyyatının texniki bazasının yenilənməsi akademik kitab mədəniyyətimizə kəmiyyət və keyfiyyət baxımından yeni nəfəs verdi”, – deyə Səbuhi Qəhrəmanov qeyd edib.

Rəyasət Heyəti tərəfindən AMEA-nın elmi müəssisə və təşkilatlarına Akademiyanın elmi nailiyyətlərinin təbliği və elmin populyarlaşdırılması baxımından əhəmiyyəti nəzərə alınaraq sərgi işlərinin təkmilləşdirilməsi, müasir standartlar səviyyəsində qurulması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi tapşırılıb.

Sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimov Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilmiş Beynəlxalq Elmi Şuranın (ISC) məsləhətləşmə görüşündə iştirakının yekunları haqqında məlumat verib. Bildirib ki, 9-11 oktyabr 2025-ci il tarixlərində Özbəkistan Respublikası Elmlər Akademiyası və Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi yanında İnnovativ İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə Daşkənd şəhərində “İnnovativ ideyalar üzrə Beynəlxalq Həftə” çərçivəsində keçirilmiş Beynəlxalq Elmi Şuranın (ISC) məsləhətləşmə görüşündə iştirak edib. Akademik Arif Həşimov bildirib ki, görüşün məqsədi 2025-2028-ci illər üçün regional gündəlik kontekstində ISC-nin strategiyası və prioritetləri ilə bağlı ortaq maraqların müzakirəsi olub.

Plenar iclasda Azərbaycan Respublikasının dayanıqlı inkişaf siyasəti barədə təqdimatla çıxış etdiyini deyən Arif Həşimov qeyd edib ki, ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər, qəbul olunmuş strateji sənədlər və dövlət başçısı tərəfindən imzalanmış qərarlar barədə məlumat verib.

Məsləhətləşmə görüşünün ikinci iclasında akademik Arif Həşimov Azərbaycan Milli Elmlər Akademiyasının tarixi, beynəlxalq əməkdaşlıq siyasəti və ISC ilə qurulmuş münasibətləri əks etdirən təqdimatla çıxış etdiyini söyləyib.

Beynəlxalq Elmi Şuranın məsləhətləşmə görüşünün 11 oktyabr 2025-ci il tarixində keçirilən yekun iclasında isə Azərbaycan və Özbəkistan arasında elmi əməkdaşlıq münasibətləri və gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Özbəkistan xalqlarını dostluq əlaqələri, ortaq tarixi, mədəni və mənəvi dəyərlər birləşdirir. Bu münasibətlər elmi müstəvidə də dinamik şəkildə inkişaf edir. Həmçinin Beynəlxalq Elmi Şuranın  Zaqafqaziya–Mərkəzi Asiya Regional Mərkəzinin yaradılması təşəbbüsü müzakirələr zamanı xüsusi diqqət mərkəzində olub. Azərbaycan tərəfi bu mərkəzin məhz Özbəkistanda yaradılması təşəbbüsünü dəstəkləyib və onun fəaliyyətinə hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib.

Akademik Arif Həşimov bildirib ki, Daşkənddə keçirilmiş Beynəlxalq Elmi Şuranın (ISC) məsləhətləşmə görüşü region ölkələri arasında elmi əlaqələrin genişləndirilməsi, beynəlxalq əməkdaşlıq şəbəkələrinin gücləndirilməsi və ortaq elmi strategiyaların formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir və Azərbaycan Milli Elmlər Akademiyasının bu tədbirdə iştirakı ölkəmizin elmi diplomatiyasının inkişafına, beynəlxalq elmi məkana inteqrasiyasına və regionda birgə təşəbbüslərin formalaşmasına töhfə verəcəkdir.

Qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.

Həmçinin iclasda akademik İsa Həbibbəyli Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin 5-ci ildönümü ilə əlaqədar ölkə səviyyəsində icra olunacaq Tədbirlər planının həyata keçirilməsi istiqamətində Akademiyanın bütün elmi-tədqiqat müəssisə və təşkilatlarında silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Zəfərin 5-ci ildönümü ilə əlaqədar tədbirlərdə AMEA əməkdaşlarının yaxından iştirakı ilə bağlı tapşırıqlar verilib və müvafiq qərar qəbul edilib.

Eyni zamanda Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının 2026-cı il üçün elan etdiyi müsabiqədə AMEA-nın yaxından iştirakı və akademik Kamal Abdullanın 75 illik yubileyi haqqında qərarlar qəbul olunub.

Sonda bir sıra cari məsələlərə baxılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki