Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.
Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi.
Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı indi tarixdir – Zəfər tariximizin başlanğıcıdır. Həmin tarixdən xalqımıza məxsus olan milli qürur, əyilməzlik kimi keyfiyyətlər tüğyan etdi”, –
– Vaxt gələcək 30 ildən bəri inşa edilmiş istehkamları yarıb keçən Azərbaycan Ordusunun əks-hücum əməliyyatları hərb tarixi üzrə mütəxəssislər tərəfindən öyrəniləcək. Şuşanı işğaldan azad edən oğullarımızın şücaəti isə peşəkar hərbçilərin araşdırma mövzusu olacaq. Öz cəsarəti, igidliyi ilə Vətən torpağını azad edən və qətiyyəti ilə düşməni dizə gətirən Azərbaycan Ordusunun fəaliyyətini bütün xalqımız yüksək qiymətləndirir.
Ordumuzun zəfər yürüşləri xalqımıza qol-qanad verdi. Erməni xainləri ordumuzun bu rəşadətli hünəri qarşısında diz çökdü. Yalan və hiylə ilə qurulan qondarma rejim özünün çürüklüyünü və iflasa uğradığını etiraf etdi. Dünyanı öz çirkin, bəd əməlləri ilə əsas həqiqətlərdən yayındırmaq istəyən xain düşmən ilahi həqiqəti aldada bilmədi. Otuz il bundan əvvəl ayaqyalın evindən, doğma yurd-yuvasından didərgin saldıqları insanların taleyini bu gün özləri yaşadılar.
Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq… Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.
Azərbaycan Turizm Və Menecment Üniversiteti
Şamilli Ziya