image-111backend

9 May – Faşizm üzərində qələbə günüdür

image-reklam_sirab_01

Bu gün ahıl insanlar  faşizm üzərində tarixi Qələbəni – 9 May Qələbə gününü yaxşı xatırlayırlar. O insanlar ki, ataları, əmiləri dayıları dəhşətli və amansız olan Böyük Vətən müharibəsində faşistlərə qarşı döyüşərək yaralanıb, bəzisi isə qəhrəmancasına həlak olublar. Arxa və ön cəbhəni əhatə edən 1941-1945-ci illərdəki Böyük Vətən müharibəsi xalqımızın yaddaşına əbədi həkk olunub, desək yanılmarıq. 600 mindən çox igid oğul və qızın iştirak etdiyi bu müharibə – bir sözlə böyük ölüm-dirim savaşı olmuşdu. Belə ki, bu müharibə Almaniyanın 1941-ci il iyunun 22-də SSRİ-yə hücumu ilə baş verdi. O zaman Azərbaycan müstəqil deyildi, SSRİ-nin tərkibində idi. Müharibənin ilk günündə ölkədə ümumi səfərbərlik elan olundu, 40 min nəfər könüllü cəbhəyə yola düşdü. 70 il sovet imperiyasının tərkibində olan azərbaycanlılar müharibənin sonuna qədər yəni, Berlinə qədər döyüşdülər. İgid əsgərlərin 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Onlardan, Həzi Aslanovun, İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, Qafur Məmmədovun, Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqalarının adlarını fəxrlə qeyd etmək olar.  Eyni zamanda 170 min əsgər və zabit isə keçmiş SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olundu. Qeyd edim ki, Azərbaycanın 87 batalyonu, 1123 özünümüdafiə dəstəsi eləcə də  77-ci, 223-cü, 227-ci, 242-ci, 271-ci, 392-ci, 394-cü, 396-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyaları yaradılaraq, Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçdi. Onlar Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər yüzlərlə yaşayış məntəqələri, eləcə də Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak etdilər.

Bu müharibənin taleyində Bakı neftinin çox böyük köməyi oldu. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılmasını da xüsusi qeyd etmək olar. Bizim neftimizlə təyyarələr, tanklar, zirehli maşınlar yanacaqla təmin olundu. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində demişdir: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu”.

Bəli, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyib. 1941-1945-ci illər müharibəsi zamanı keçmiş Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində fədakar qadınlarımız, yeniyetmələr, ahıl insanlar gecələri yatmayaraq oyaq qaldılar, qəfil düşmən hücumunun qarşısını aldılar. 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu. Ancaq faşist Almaniyasının Qafqazı, Bakını ələ keçirmək arzusu iflasa uğradı. Çünki, 1941-1945-ci illərdə müharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçdi. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi. 1941-ci ilin sonunda Azərbaycanda 130 adda silah, sursat, hərbi mərmi və əşya istehsal olunurdu. Tibb sahəsində də irəliləyişlər oldu. 1941-ci ildə respublikamızda 66 hərbi hospital yaradıldı, donor hərəkatı genişləndi, tibb işçilərimiz yaralı döyüşçülərin həyata qayıtması üçün çalışdılar. Xatırlatmaq istərdim ki, 1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin sədrliyi ilə “Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi” də yaradıldı. Eyni zamanda, Azərbaycan xalqı 1941-1943-cü illərdə müdafiə fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 311 milyon manat pul toplayaraq, cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya və 125 vaqon isti paltar göndərmişdi.    Bu gün 1945-ci il 9 may Qələbə günündə faşizmə qarşı düşmənə aman verməyən, dünyanı bürüyəcək faşizm kabusundan qəhrəmancasına qoruyan igid oğulların və qızların xatirəsi anılır.

Unutmayaq ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlü­yü uğrunda döyüşlərdə şəhid olan oğullarımız da elə həmin qəhrəman babalarının davamçıları olaraq, şəhadətə ucaldılar. Vətən Sizinlə fəxr edir, qəhrəman və cəsur oğullarımız!

 

Arzu Məmmədova

Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki