“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin böyük akt zalında keçirilən tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Seymur Orucov bildirib ki, Azərbaycanın bugünkü uğurlarının başlanğıc nöqtəsi olan 14 iyul 1969-cu il tarixindən 54 il keçir. Məhz Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi gün ölkəmizin xilasının birinci mərhələsi, xalqın özünəqayıdış tarixidir. Azərbaycançılıq ideologiyasının təbliği, inkişaf etdirilməsi məhz o dövrdən başlanıb və ölkəmizin bu gününün möhkəm təməli qoyulub. Heydər Əliyev irsinin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bügünkü qüdrətli Azərbaycanı yaradaraq Ümummilli Liderin bütün arzularını reallığa çevirdi. Bu gün Ümummilli Liderin ruhu şaddır.
Tədbirdə Ulu Öndərin zəngin və mənalı həyatından, Vətən, xalq qarşısında misilsiz xidmətlərindən bəhs olunub, tarixi kadrlar nümayiş etdirilib. Ölkəmizin tanınmış incəsənət və mədəniyyət xadimləri Ulu Öndər Heydər Əliyevə, eləcə də müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu klassik əsərlər ifa ediblər.
İştirakçılara unudulmaz və yaddaqalan anlar bəxş edən tədbir alqışlarla qarşılanıb.