2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ağstafa RİH-in Tədbirlər Planına uyğun olaraq rayon Mərkəzi stadionunda Azərbaycanın milli mədəniyyətini və qədim idman ənənələrini özündə ehtiva edən Çövkən Milli Atüstü oyunundan nümunələr nümayiş etdirilib.
Ağstafa RİH başçısı Seymur Orucov tamaşadan əvvəl şəhidlərimizin ailə üzvləri ilə görüşərək bayram təbriklərini çatdırıb və milli dəyərlərimizi təcəssüm etdirən atüstü oyununu onlarla birlikdə seyr edib.
Novruz bayramının rəmzləri olan bahar qız, kosa və keçəl komanda üzvləri və tamaşaçıların bayramını öz şeir və mahnıları ilə təbrik edib, oyunçulara bol uğur diləyiblər.
Bir neçə minillik yaşı olan atçılıq mədəniyyətimizin, tariximizin bir parçasını təşkil edən və yüskək fiziki qüvvə, bacarıq tələb edən çövkən oyunu “Dilbaz Atçılıq Kompleksi” MMC-nin komandasının təqdimatında izləyicilərin böyük marağına və alqışlarına səbəb olub.