image-photo-2023-04-11-09-44-47backend

Akademik Zərifə Əliyeva-100

image-reklam_sirab_01

Prezident İlham Əliyev: “Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi”
Azərbaycanda ötən əsrin birinci yarısına qədər tibbin bir çox sahələri kimi oftalmologiya sahəsi zəif inkişaf etdiyindən insanlar göz xəstəliklərinin terapiyasından əziyyət çəkirdilər. XX əsrin ikinci yarısından başlayaraq isə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın xidmətləri sayəsində ölkəmizdə oftalmologiya elmi və göz xəstəliklərinin tədqiqatları inkişaf edən sahələrdən birinə çevrilmişdi. Xüsusən, XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyub.
Onun bu əməyi nəticəsiz qalmayıb. Azərbaycanda bu xəstəlikldən əziyyət çəkən yüzlərlə insan şəfa tapıb. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.
Azərbaycanda oftalmologiya elminin indiki inkişaf səviyyəsinə çatması akademik Zərifə Əliyevanın zamanında bünövrəsini qoyduğu bir sıra elmi tədqiqatların bəhrəsinin nəticəsidir. O, özü elmi tədqiqatlar aparmaqla yanaşı, bu sahə üzrə yeni kadrların hazırlanması istiqamətində də əzmkarcasına çalışımışdır. Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Hazırda akademik Zərifə Əliyeva nəinki öz həmkarları, ümumiyyətlə Azərbaycan ictimaiyyəti tərəfindən görkəmli oftalmoloq, nəcib Azərbaycan xanımı olaraq hörmətlə xatırlanır. Onun anadan olmasının 100 illiyi ölkəmizdə yükəsk səviyyədə qeyd olunur. Yeri gəlmişkən, ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən 3 noyabr 2022-ci il tarixində Sərəncam imzalanıb. Sərəncamda da qeyd olunduğu kimi, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Bu sənədə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə dair tədbirlər planını hazırlayaraq həyata keçirir. Artıq Azərbaycanın elm və təhsil müəssisələrində, səhiyyə sistemində akademik Zərifə Əliyeva yubileyi münasibəti ilə müxtəlif səpkili tədbirlər keçirilir.
Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib. Prezident İlham Əliyev anası Zərifə xanımın ömrünün son günlərini belə xatırlayıb: “Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi”.
Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün dünyaya tanıdan bir insanı tək qoyub getdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Bu gün istər dövlət və ictimayyət nümayəndələri, istərsə də ölkəmizə gələn rəsmi qonaqlar Fəxri Xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevlə bərabər və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsini anır, məzarı önünə tər çiçəklər düzürlər.
Allah hər ikisinə rəhmət etsin!

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

 

 

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki