“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi Ermənistan tərəfindən əsir götürülən Azərbaycan ordusunun iki əsgərinə qarşı qeyri-insanı rəftar edilməsi, işgəncələrə məruz qoyulması ilə bağlı bəyanatla çıxış edib.
Birlik döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməsi və hərbi əsirlərə qarşı zorakılıq hallarına və hədə-qorxuya yol verilməməsinə dair “Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasının kobud şəkildə pozulduğunu qeyd edərək bu faktları qətiyyətlə pisləyib.
Bəyanatda bildirilir ki, Ermənistan bu hərəkəti ilə Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya və digər mühüm beynəlxalq aktlar üzrə öhdəliklərini yerinə yetirməməklə yanaşı onları kobud şəkildə pozur: “Qeyri-döyüş şəraitində əsir götürülərək işgəncələrə məruz qoyulan iki azərbaycanlı əsgərə qarşı bu davranışlar Ermənistanda azərbaycanlılara qarşı dərin kök salmış etnik nifrət və irqi ayrı-seçkiliyin əyani sübutudur”.
“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi beynəlxalq təşkilatlardan bu zorakılıq faktını araşdırmalarını, hadisəyə lazımi hüquqi qiymət vermələrini tələb edib, həmçinin Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi üçün addım atmalarına dair çağırış edib.


























