Azərbaycan Milli Elmlər Akademiyası Beynəlxalq Elmi Şuraya (İSC) tam hüquqlu üzv qəbul edilib.
Bu barədə Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.
Qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrinin elmi mərkəzləri və ali təhsil müəssisələri, o cümlədən nüfuzlu beynəlxalq elmi təşkilatları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycan elminin nailiyyətlərinin beynəlxalq miqyasda təbliği hazırda Azərbaycan Milli Elmlər Akademiyasındakı islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Diqqətə çatdırıb ki, ötən ilin sonlarından aparılan məqsədyönlü fəaliyyət sayəsində artıq AMEA Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasına (AASSA), Avrasiya Universitetlər Birliyinə (EURAS) üzvlüyə qəbul edilib.
AMEA rəhbəri bu tədbirlərin davamı olaraq, bu günlərdə Akademiyanın nüfuzlu Beynəlxalq Elmi Şuraya (İSC) tam hüquqlu üzv qəbul olunduğunu vurğulayıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Beynəlxalq Elmi Şura (İSC) təbiət və sosial elmlərə aid birlik və assosiasiyalar, akademiyalar və tədqiqat şuraları kimi milli və regional elmi şuralar da daxil olmaqla, 250-dən çox elmi təşkilatı öz tərkibində birləşdirən dünyada tanınan nüfuzlu bir qurumdur.
Şuranın prezidenti Peter Gulicmanın 4 iyul 2023-cü il tarixində AMEA-nın rəhbərliyinə məktubla müraciət edərək Akademiyanın İSC-nin tam hüquqlu üzvlüyünə qəbul edilməsi barədə məlumat verdiyini deyən akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, qurumun Əsasnaməsinə uyğun olaraq AMEA qarşıdan gələn bütün səsvermə prosedurlarında tam hüquqla iştirak etmək statusuna malikdir. Məktubda Beynəlxalq Elmi Şuranın işində və fəaliyyətində iştiraka görə İdarə Heyəti adından Azərbaycan Milli Elmlər Akademiyasına səmimi təşəkkür edilmiş, əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişlənəcəyinə inam ifadə edilmişdir.
Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın Beynəlxalq Dünya Elmlər Akademiyasına üzvlüyü ilə bağlı məsələnin də yekunlaşmaq üzrə olduğunu söyləyib. Qeyd edib ki, AMEA sözügedən təşkilatlara üzv olmaqla ölkəmizin mənafelərini beynəlxalq elmi müstəvidə qoruyur və dünya elm məkanında qərarların qəbulunda birbaşa iştirak etmiş olur.
Daha sonra AMEA-nın Rəyasət Heyəti tərəfindən Akademiyanın elmi müəssisə və təşkilatlarına İSC ilə əməkdaşlıq çərçivəsində müvafiq elmi və elmi-təşkilati fəaliyyət istiqamətlərinə uyğun tədbirlərin həyata keçirilməsi tapşırılıb.