AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Bolqarıstana səfəri çərçivəsində Sofiya şəhərində Azərbaycan Milli Elmlər Akademiyası ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsinin imzalanması münasibətilə tədbir keçirilib.
Tədbirdə Bolqarıstan EA-nın prezidenti, akademik Yulian Revalski çıxış edərək onun rəsmi dəvətini qəbul edib səfərə gəldiyinə görə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib. Rəhbərlik etdiyi qurumun tarixi, strukturu, fəaliyyəti və nailiyyətləri barədə söz açan akademik Yulian Revalski hazırkı mərhələdə Bolqarıstan Elmlər Akademiyasının elmi prioritetləri və əlaqələri barədə ətraflı məlumat verib. Akademik Yulian Revalski Azərbaycanla Bolqarıstan akademiyaları tərəfindən imzalanacaq əməkdaşlıq müqaviləsinin hər iki ölkənin müvafiq elmi qurumları arasında əlaqələrin daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.
Sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək vurğulayıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən Azərbaycan-Bolqarıstan əlaqələri bütün sahələrdə olduğu kimi, elmi əməkdaşlıq sahəsinin də inkişafına təkan verib. AMEA-nın prezidenti Bolqarıstanla elmi əməkdaşlıq sahəsində süni intellekt, elektron xidmətlər, seysmologiya, antropologiya, etnologiya, arxeologiya, ədəbi-mədəni əlaqələr və sair kimi elmi istiqamətlərin ön mövqeyə çəkiləcəyini qeyd edib, müştərək elmi layihələrin müəyyən edilərək həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Azərbaycan və Bolqarıstan Elmlər Akademiyaları arasında əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu xüsusi vurğulayan akademik İsa Həbibbəyli AMEA-nın əhatə etdiyi əsas elm sahələri üzrə əməkdaşlığın perspektivlərini diqqətə çatdırıb.
Daha sonra AMEA ilə BEA arasında elmi əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və BEA-nın prezidenti, akademik Yulian Revalski imzalayıblar.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bolqarıstanlı həmkarı akademik Yulian Revalskini Azərbaycana dəvət edib.
Elmlər Akademiyalarının rəhbərləri tərəfindən qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
Tədbirdə Azərbaycan Respublikasının Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov və Bolqarıstan EA Rəyasət Heyətinin üzvləri də iştirak ediblər.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Bolqarıstan Elmlər Akademiyasının Tətbiqi Morfologiya, Patologiya və Antropologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Milli Antropologiya Muzeyində də olub. İnstitutun direktoru, professor Svetlozarya Petrova Milli Antropologiya Muzeyinin tarixi, fəaliyyət istiqamətləri, eksponatları və iş şəraiti barədə ətraflı məlumat verib. Tərəflər arasında fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
Akademik İsa Həbibbəyli Bolqarıstan EA-nın Ədəbiyyat İnstitutunun kollektivi ilə də görüşüb. BEA Ədəbiyyat İnstitutunun direktoru, filologiya elmləri doktoru Penka Vatova rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin fəaliyyəti barədə geniş söz açaraq, birgə tədqiqatların əhəmiyyətindən danışıb.
AMEA rəhbəri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparılan tədqiqatlar, əldə edilən mühüm elmi nəticələr barədə danışıb. Azərbaycanın Şəki və Bolqarıstanın Qabrovo şəhərlərinin timsalında satira və yumor üzrə birgə tədqiqat layihəsinin mətnini təqdim edən akademik İsa Həbibbəyli layihənin əhatə dairəsi, mahiyyəti, mərhələləri və əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə ədəbiyyatşünaslıq elminin digər prioritet istiqamətləri üzrə də birgə əməkdaşlıq məsələləri müzakirə olunub.