Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli yay məzuniyyəti müddətində Bolqarıstan Elmlər Akademiyasında arxeologiya sahəsində aparılan tədqiqatlarla tanış olmuşdur. Akademiya rəhbəri bu məqsədlə Bolqarıstanın Privadiye bölgəsindəki Duzdağ kurqanında qazıntılar aparan ekspedisiyanın rəhbəri, akademik Vasil Nikolov və qazıntı işləri aparan arxeoloqlarla görüşmüşdür.
Akademik Vasil Nikolov bizim eradan əvvəlki VI minilliyə aid olan Bolqarıstan Duzdağı və bolqar alimlərinin buradakı fəaliyyəti haqqında geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, Duzdağ adlandırılan sahənin 30 kilometrdən artıq olan dərinliklərindəki duz suxurları ilin müəyyən fəsillərində bura daxil olan qrunt suları sayəsində əriyərək məhlul halına düşür və quyular vasitəsi yuxarı səthə qalxır, sonra isə həmin məhluldan duz istehsal olunur.
Həmçinin akademik Vasil Nikolovun axtarışları sayəsində məlum olmuşdur ki, Privadiye Duzdağının ətəklərində qədim insanlar məskunlaşmış və onlar burada duz istehsalı və ticarəti ilə məşğul olmuşlar. Hazırda bolqar arxeoloqları həmin Duzdağ ətrafı gil yaşayış məskənini bərpa etməklə məşğuldurlar.
Bundan başqa, bolqar arxeoloqları müəyyən etmişlər ki, ən qədim dövrlərdə Privadiye bölgəsinə rəhbərlik etmiş karol buradakı Duzdağın üzərində dəfn olunmuş, sonra həmin məzar kurqana çevrilmişdir.
Privadiye Duzdağında arxeoloqların nahar süfrəsi ətrafında Azərbaycan və bolqar arxeoloqlarının qarşılıqlı əməkdaşlığı məsələləri müzakirə olunmuşdur. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın Naxçıvan bölgəsindəki Duzdağ mədənləri haqqında Bolqarıstan arxeoloqlarına məlumat vermişdir. Bildirilmişdir ki, buradan tapılmış daş baltalar və çapacaqlar, obsidian məlumatları və gil keramikası əsasında Azərbaycan – Fransa birgə arxeoloji ekspedisiyası Naxçıvan Duzdağının neolit dövrünə aid olduğunu müəyyən etmişdir.
Müzakirə zamanı Azərbaycan – Bolqarıstan arxeoloqlarının qarşılıqlı əməkdaşlığının yaradılması, birgə tədqiqatların təşkili və sair məsələlərlə əlaqədar fikir mübadiləsi aparılmışdır.
Bundan başqa, AMEA-nın prezidenti Bolqarıstan Elmlər Akademiyasının Varna bölgəsindəki Yaradıcılıq Evi ilə tanış olmuşdur. Bolqarıstan Elmlər Akademiyası Yaradıcılıq Evlərinin direktoru Nelli Barotayeva bildirmişdir ki, ölkəsinin 5 müxtəlif bölgəsində Akademiyanın Yaradıcılıq Evləri fəaliyyət göstərir. Mülkiyyəti Bolqarıstan Elmlər Akademiyasına məxsus olan yaradıcılıq evlərində Akademiyanın həqiqi və müxbir üzvlərinə, habelə əməkdaşlarına güzəştli şərtlərlə xidmət göstərilir.
Akademik İsa Həbibbəyli Bolqarıstan Elmlər Akademiyası Varna Yaradıcılıq Evində təşkil olunmuş Riyaziyyat üzrə Yay məktəbinin işi ilə də tanış olmuşdur. Məlum olmuşdur ki, dünyanın 15 ölkəsindən gəlmiş Yay Riyaziyyat məktəbində təhsil alan orta məktəb şagirdləri arasında 7 nəfər azərbaycanlı müdavim də vardır.