image-cavansirbackend

“Aprel döyüşlərə zəfərə gedən yol oldu” -Millət vəkili

image-reklam_sirab_01

“2016-cı ilin Aprel döyüşləri erməni işğalçılarının atəkəsi poazması və təmas xətti boyunca yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutması ilə başlamışdı. Düşmənin hücumuna qətiyyətlə cavab verən ordumuz erməni hərbi birləşmələrinə və onların ərazidə yerləşən qərargahlarına cavab atəşi endirməklə əks-hücuma keçdi və 4 günlük intensiv döyüşlər Tərtər, Cəbrayıl və Goranboy rayonlarının işğal altında olan kəndlərinə gedən yolların təmizlənməsi ilə nəticələndi.” -Vətəninfo.az xəbər verir ki, bu fikirləri millət vəkili Cavanşir Feyziyev bildirib.

Millət vəkili əlavə edib ki, döyüşlər zamanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsi yaxınlığındakı Lələtəpə yüksəkliyinin ələ keçirilməsi xüsusi strateji əhəmiyyətə malik idi.

“Lələtəpə yüksəkliyinin alınması ilə ordumuzun daha geniş əraziləri nəzarət altına almaq imkanı yarandı. Azad edilmiş ərazilərdə ordumuz öz mövqelərini möhkəmləndirdi və gələcək uğurlu əməliyyatlar üçün etibarlı plasdarm yaratdı. Aprel döyüşləri və əldə olunmuş nəticə gələcək böyük Zəfərimizin ilk müjdəsi idi. Bu döyüşlər həm də taktiki-kəşfiyyat xarakterli əməliyyat idi. Ermənilərin namərd hücumu uzun illər ərzində torpaqlarımızı işğaldan azad etməyə hazırlaşan ordumuza ağır təlimlər zamanı yiyələndiyi bilik və bacarıqları ilk dəfə olaraq real döyüş şəraitində sınaqdan çıxarmaq fürsəti vermişdi. Bu çox uğurlu bir sınaq oldu. Aprel döyüşlərində qazanılmış qələbə həm Ordumuzun, həm də xalqımızın döyüş ruhunu və qələbə əzmini daha da yüksəltdi.
Lələtəpə yüksəkliyinin azad olunması ilə Cocuq Mərcanlının bərpası və məcburi köçkünlərin öz evlərinə qayıdışı başlandı. Bu proses bu gün həyata keçirilən Böyük Qayıdışın ilk addımı kimi qürurverici və fərəhli bir hadisə idi. Cocuq Mərcanlıya qayıdış 1 milyona yaxın qaçqın və məcburi köçkün soydaşlarımızın ata-baba yurduna qayıtmaq ümidini daha da artırdı, ordumuzu daha böyük qələbələrə ruhlandırdı.
2016-cı ilin Aprel döyüşləri 30 illik Qarabağ müharibəsinin ən parlaq səhifələrindən biri kimi Zəfər tariximizin bir parçasıdır və Azərbaycan xalqı bu şanlı tarixlə fəxr edir.
Aprel döyüşlərinin ildönümündə Vətənin işğaldan azad olunması uğrunda həyatını qurban vermiş bütün şəhidlərimizi sonsuz minnətdarlıq hissi ilə xatırlayır və onlara Allahdan rəhmət diləyirəm. Qazilərimizə möhkəm can sağlığı və şəfa diləyirəm.” -deyə Cavanşir Feyziyev bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki