“Bu matçdan gözləntilərimiz böyükdür. İlk qarşılaşma bizim üçün yaxşı motivasiyadır”.
Bunu “Aris”in baş məşqçisi Aleksey Şpilevski Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
34 yaşlı mütəxəssis bildirib ki, ilk görüşün nəticəsi onları aldatmamalıdır: “Neftçi” sabah meydana böyük motivasiya ilə çıxacaq. Növbəti mərhələ haqqında danışmaq tezdir. Yalnız sabahkı qarşılaşmanı düşünürük. Rəqib doğma fanatları qarşısında iki və daha çox qol vurmağa çalışacaq. Buna imkan vermək istəmirik. Bizi çətin oyun gözləyir”.
Baş məşqçi Matiya Şpolyariçin “ağ-qaralar”a qarşı görüşü buraxacağını xatırladıb: “Futbolda belə şeylər olur. Buna hazır olmalıyıq. Onun yoxluğu bizə çətin olacaq. Meydana çıxacaq bütün oyunçulara inanıram”.
Şpilevski rəqib haqqında çox danışmaq istəmədiyini söyləyib: “Bu, həmkarıma qarşı hörmətsizlik olar. Mən öz komandamı düşünürəm və yalnız bu barədə danışa bilərəm”.
Mütəxəssis hələlik növbəti mərhələ haqqında düşünmədiyini vurğulayıb: “Yalnız sabahkı matçı fikirləşirəm. Futbol tarixində geridönüşlər çox olub. Bakıya mərhələ adlamaq üçün gəlmişik. İstənilən nəticəyə hazırlıqlı olmalıyıq”.
Baş məşqçi cütün taleyini qarşıdakı 90 dəqiqədə həll etmək istədiklərini söyləyib: “120 dəqiqə oynamaq istəmirik. Komanda fiziki baxımdan ideal durumda deyil. Komandamızda yaxşı penalti ustaları da var. Ehtiyac olsa, onlardan yararlanacağıq”.
Qeyd edək ki, iyulun 28-də “Bakcell Arena”da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. İlk matçda “ağ-qaralar” 0:2 hesabı ilə uduzub.