Ötən gecə koronavirusdan dünyasını dəyişən “Neftçi” klubunun ilk prezidenti Aydın İbrahimov dəfn edilməyib.
“Qafqazinfo”ya müraciət edən A.İbrahimovun nəvəsi Nərminə Məmmədova bildirib ki, babasının nəşi hələ də xəstəxananın morqundadır.
Onun sözlərinə görə, əməkdar məşqçinin dəfni üçün heç bir qurum tərəfindən yer ayrılmayıb: “Babamın meyiti hələ də morqdadır. Onun dəfn edilməsi üçün yer ayrılmayıb. “Neftçi” klubuna, Gənclər və İdman Nazirliyinə bununla bağlı müraciət etsək də, heç bir cavab ala bilməmişik. Saatlardır “Semaşko” xəstəxanasındadır”.
Qeyd edək ki, Aydın İbrahimov 1988-1997-ci illərdə “Neftçi” Peşəkar Futbol Klubuna rəhbərlik edib. O, sərbəst güləş üzrə dünya, Avropa, SSRİ çempionu, Olimpiya oyunlarının mükafatçısı, SSRİ idman ustası və SSRİ-nin əməkdar məşqçisi olub, prezident təqaüdçüsü idi.
***
Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Cavanşir Qurbanov “Qafqazinfo”ya müraciətində Aydın İbrahimovun 2-ci Fəxri Xiyabanda dəfn edilməsi üçün Gənclər və İdman Nazirliyinə müraciət etdiklərini bildirib: “Mən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevə müraciət etmişəm. Bildirmişəm ki, Aydın İbrahimov 2-ci Fəxri Xiyabanda dəfn edilsin. Ümid edirəm ki, bununla bağlı qərar veriləcək. Təkcə mən yox, idman ictimaiyyətinin bir çox nümayəndələri bunu istəyir”.
***
Gənclər və İdman Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, hazırda müvafiq qurumlarla məsələ ilə bağlı danışıqlar aparılır: “Nazirlik bu işlə məşğuldur. Müvafiq qurumlarla danışıqlar aparılıb və məsələnin həlli üçün çalışırıq”.