Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti BMT-nin Cenevrə ofisi Qadınlar təşkilatının sədr müavini Adriana Giraldo ilə görüşüblər
Görüşdə Azərbaycanda qadınların ictimai həyatda fəallığından danışan Agentliyin icraçı direktoru Aygün Əliyeva Agentliyin bu çərçivədə elan etdiyi qrant müsabiqələri barədə məlumat verib.
Aygün Əliyeva Agentliyin mütəmadi olaraq qadın hüquqlarının qorunması ilə bağlı maarifləndirmə, müharibədən əziyyət çəkən qadınlara və uşaqlara sosial-psixoloji dəstəyin göstərilməsi, erkən nigahların qarşısının alınması, gender bərabərliyinin qorunması, gender zəminində zorakılıq ilə mübarizə, qızların təhsildən yayınması halları ilə mübarizə istiqamətində təşəbbüslər və digər aidiyyatı mövzular üzrə maliyyə yardımı ayırıdığını bildirib.
Daha sonra Aygün Əliyeva Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci bəndi olan gender bərabərliyinin qorunması istiqamətində BMT-nin Qadınlar təşkilatı ilə əməkdaşlıq perspektivlərinə toxunub.
Agentliyin nümayəndə heyətini salamlayan BMT-nin Cenevrə ofisi Qadınlar təşkilatının sədr müavini Adriana Giraldo Agentliyin təşəbbüslərini dəstəkləndiyini və eyni zamanda, BMT təsisatlarının bu qeyd olunan istiqamətlər üzrə Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığının artırılmasını mühüm olduğunu qeyd edib.