Avqustun 30-da Bakıda dəhşətli faciə baş verib. Həmin gün Niftəliyeva Aytən İlham qızı 1 yaş yarımlıq körpəsi Tahirə ilə birlikdə yaşadıqları üçmərtəbəli mülkün damından yerə yıxılıb. Bu hadisə haqda ilk dəfə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkələrdən paylaşıb edib.
Onun sözlərinə görə, həmin Niftəliyeva Aytən İlham qızı övladı Niftəliyeva Tahirə Rəhman qızı ilə birlikdə əri Niftəliyev Rəhman İlqar oğlu tərəfindən zorakılığa məruz qalıb: “Nəticədə 1 yaş yarımlıq körpə anası ilə bərabər ailəyə məxsus üç mərtəbəli şəxsi binanın başından yerə yıxılıb və Tahirə balamız yerindəcə dünyasını dəyişib. Anası isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib”.
Aytən Niftəliyevanın anası Mehriban Süleymanova isə bildirir ki, onun qızının və körpə nəvəsinin ölümü intihar hadisəsi deyil, kürəkəni və onun anası tərəfindən törədilmiş cinayətdir. Qadın bildirir ki, qızını kürəkəni və qaynanası döyərək yaşadıqları binanın damından aşağı itələyib.
Qadın “Qafqazinfo”ya hadisəni belə nəql edib: “Avqustun 30-u qızım Aytən Niftəliyeva bizdə Sumqayıtda qonaq idi. Ayın 29-u bizə yığıncağa gəldi, oğlumun toyu olmuşdu, gəlinimin qohumları bizdə idi. Ayın 30-da taksi ilə yola saldım. Ailəsində axır vaxtlar münaqişələr olurdu. Ümumiyyətlə, əvvəldən yoldaşı Rəhman Niftəliyev tez-tez dalaşırdı qızımla. Yoldaşım öləndən sonra dava-dalaş daha da böyüdü. Yoldaşım Qarabağ qazisi idi, ötən il koronavirusdan rəhmətə getdi”.
Ananın sözlərinə görə, evə getdikdən sonra qızına zəng edib: “Dedi ki, çatmışam. Sonra Rəhman zəng etdi ki, bezmişəm, gəl apar qızını. Uşaq da ağlayırdı. Mən də fikirləşdim ki, yenə döyüblər qızımı. Sonra qayınatasına yığdım, dedi ki, rayondan çıxmışıq çatanda baxarıq. Qayınanası zəng etdi ki, gəl apar qızını, tərbiyəsizdir. Mən də taksiyə minib Sumqayıta gedirdim ki, yolda zəng gəldi ki, tez gəl. Çatana yaxın zəng gəldi ki, qızın atdı özünü”.
Mehriban Süleymanova deyir ki, qonşular ona qızının damdan yıxılandan sonra sağ olduğunu bildiriblər: “Dedilər ki, DTX hospitalına apardılar, amma uşağın öldüyünü dedilər. Qızım 3 mərtəbəli şəxsi mülkün damından özünü uşağı ilə birgə atdı. Bunlar dedilər ki, qızım birinci uşağı, sonra da özünü atıb damdan, amma qız oyananda dedi ki, Rəhmanla dalaşanda ayağım sürüşdü, o da mənə kömək etmədi, uşaq əlimdən düşdü, mən də yıxıldım. Həmişə dalaşanda şantaj eliyirdilər ki, uşağı əlinizdən alacağıq, atam əlinizdən alacaq uşağı. Qızım deyir ki, ayağım sürüşəndə Rəhmana dedim ki, kömək elə, o da eləmədi. Uşağı dartanda damdan düşüb. Qızım da yıxılıb. Hazırda qızımın vəziyyəti ağırdır. Daxili qanaxması var. Nə qədər sümükləri sınıb. Qan köçürürlər. Qızımı qayınanası ilə kürəkənim döyüb. Yoldaşım ölənə kimi, hər gün bizi dava-dalaş üstündə evlərinə çağırırdılar. Rəhman hər gün evdədir. Onlayn proqram dərsi keçir. 3 il idi ki, evli idilər. Cinayət Məcəlləsinin özünü intihara çatdırma maddəsi ilə iş açılıb. Amma qızım intihar etməyib”.
Mehriban Süleymanova belə görünür ki, qızının başına gətirilən faciə haqda mətbuata bir gün əvvəl danışıb. Bundan bir neçə saat sonra Aytən Niftəliyeva keçinib, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı intihara məcbur etmə maddəsi ilə cinayət işi açıblar.
Qeyd edək ki, bir neçə gün əvvəl buna bənzər faciə Biləsuvarda baş vermişdi. Qaynatası tərəfindən mütəmadi olaraq döyülən gənc qadın 1 yaşlı körpəsi ilə özünü su kanalına ataraq intihar etməyə cəhd göstərmişdi. Lakin su dayaz olduğundan qadın sağ qalıb, körpəsi isə boğulub ölüb. Bu hadisəyə görə qadın həbs olunub, lakin onu zorakılığa məruz qoyanlar barədə hansı ölçünün götürüldüyü məlum deyil. Azərbaycanda son vaxtlar ailədaxili zorakılıqların, məişət cinayətlərinin, qadın qətllərinin sayının artması insan haqları müdafiəçilərini və ölkə ictimaiyyətini ciddi narahat edir.