image-modern-az-21-05-2021-1621583073backend

Azay Quliyev Avropa Parlamentinin növbəti riyakarlığından YAZDI

image-reklam_sirab_01

Dünən, mayın 20-də Avropa Parlamenti Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamə qəbul edib. Qətnamə ilə yaxından tanış oldum.

Avropa Parlamentinin bundan əvvəl də Azərbaycanla bağlı heç bir əsası olmayan, qərəzli və yalan üzərində qurulan qətnamələri olubdur.

Lakin bu dəfə ki, qətnamə onu hazırlayanların ölkəmizə qarşı təkcə açıq düşmənçiliyi və qərəzli mövqeyi ilə seçilmədi, eyni zamanda bu əhəmiyyətsiz və heç nəyə yaramayan kağız parçasını qəbul edənlərin siyasi baxımdan nə qədər qeyri-ciddi və riyakar olduqlarını nümayiş etdirdi.

Mən qətnamədə erməni terrorçularının və cinayətkarlarının sözdə hərbi əsir kimi təqdim edilməsinə, mətndə yer alan digər bu kimi erməni yalanlarına vaxt ayırmağa lüzum görmürəm. Ancaq Avropa Parlamentinin və bu sənədi hazırlayıb qəbul edənlərin nə qədər riyakar və reallıqdan uzaq olduqlarını sübut edən bir neçə məqama diqqətinizi cəlb etmək istərdim. Qətnamənin 17-ci bəndində ATƏT-in Minsk Qrupunun keçmiş münaqişənin həlli ilə bağlı 2009-cu ildə hazırladığı baza prinsiplərinin müddəaları sadalanır və bu prinsiplərə əməl olunmasının vacibliyi bildirilir. Adam gör nə qədər qeyri-ciddi və qərəzli olmalıdır ki, yeni yaranmış reallığı başa düşməsin, bir tərəfdən postmünaqişədən danışın, digər tərəfdən isə köhnəlmiş və heç bir aktuallığı qalmayan, hətta Ermənistanın belə dilə gətirməyə cəsarət etmədiyi baza prinsiplərini qətnaməyə daxil edəsən və bundan sonrakı danışıqların bu çərçivədə aparılmasını tələb edəsən.

Azərbaycanın Prezidenti cənab İlham Əliyev dəfələrlə, o cümlədən dünən Nizami Gəncəvi Beynəlxalq Mərkəzin təşkil etdiyi konfransda münaqişənin həll olunduğunu bildirdi və postmünaqişə dövründə Cənubu Qafqazda sülhün, təhlükəsizliyin və inkişafın bərqərar olması üçün atılması vacib olan addımları sadaladı və bu istiqamətdə bir yol xəritəsi təqdim etdi.

Cənab Prezident xüsusi olaraq vurğuladı ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır, lakin bunun üçün Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bundan sonra bölgəyə qalıcı sülh və əmin-amanlıq gələ bilər. Əgər Avropa Parlamentinin deputatları bundan xəbərsizdirlərsə – buna inanmaq çox çətindir – o zaman qoy onların Bakıda akreditə olunmuş səfirilikləri Azərbaycanın mövqeyi və ümumiyyətlə, bölgədə yaranmış yeni reallıqlar barədə onları maarifləndirsinlər. Yoxsa, artıq ikrah hissi doğuran status məsələsini qaldırmaqla özlərini gülünc vəziyyətinə salmasınlar.

İkinci, qətnamədə təəssüf hissi ilə qeyd olunur ki, Minsk qrupunda iştirak edən Avropa Birliyinin üzv dövlətləri 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın hazırlanmasında və imzalanmasında iştirak etmədi, Avropa İttifaqı Şərq tərəfdaşlıq proqramının iki üzv ölkəsini danışıqlar masasında bir araya gətirə bilmədi.

Sual olunur, Azərbaycana qarşı açıq addımlar atan və birtərəfli şəkildə Ermənistanı və onun işğalçılıq siyasətini dəstəkləyən Avropa Ittifaqının aparıcı ölkəsi və Minsk qrupunun həmsədri Fransa ona olan etimadın üstündən xətt çəkdikdən sonra necə tərəfləri bir araya gətirə bilərdi? Fransanın bu kimi qanunsuz hərəkətlərinə göz yuman Avropa Parlamentinin indi bu məsələni bu formada qeyd etməsi siyasi riyakarlıq deyilmi? Cavab aydındır.

Üçüncü, Avropa Parlamenti qətnamədə Azərbaycanın faşist ideologiyasının daşıyıcısı olan işğalçı Ermənistan üzərində möhtəşəm qələbəsini özündə ehtiva edən Hərbi Qənimətlər Parknın dərhal bağlanmasını tələb edir. Avropa Parlamentinin üzvləri deyir ki, bu parkda nümayiş olunan düşmən qiyafəsində olan manikenlər və kaskalar Ermənistan və Azərbaycan arasında qarşılıqlı etimadı zədələyir və düşmənçilik meyllərini artırır. Əvvəla, yenə də sual olunur, Avropa parlamenti 30 illik işğalçılıq və soyqırımı siyasətilə bu inamı və etimadı məhv edən Ermənistana niyə indiyə kimi bir dəfə də olsun çağırış edib onun bu əməllərindən çəkindirməyib?!

İkincisi, müharibələr zamanı öldürdükləri ordu komandirlərinin kəllə skletlərini hərb muzeylərində nümayiş etdirən Fransa və Niderland indi bizim muzeydə nümayiş olunan düşmən kaskalarına irad bildirirlər? Bu təkcə paradoks deyil, açıq şəkildə ikiüzlülük və riyakarlıqdır. Nəhayət, Avropa Parlamentinin digər siyasi riyakarlığı ondan ibarətdir ki, qətnamənin preambula hissəsində minalanmış ərazilərin xəritəsi haqqında çox səthi şəkildə danışılsa da, qətnamənin qərar və çağırış hissəsində bu barədə heç nə deyilmir və Ermənistanın törətdiyi bu hərbi cinayətin üstündən sükutla keçilir. Münaqişə başa çatdıqdan sonra mina partlamsı nəticəsində 21 nəfər azərbaycanlının həlak olması, 100-dən çoxunun ağır yaralanması məsələsinə əhəmiyyət verilmir.

Bax, budur Avropa Parlamentinin və bu qətnaməni qəbul edənlərin əsl siması.

Azay Quliyev,
Milli Məclisin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki