image-img-20230317-wa0097backend

Azərbaycan-Almaniya münasibətlərinin inkişafı xüsusi önəm kəsb edir

image-reklam_sirab_01

Mart ayının 13-14-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərdə olub. Səfər çərçivəsində ölkə başçısının Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Olaf Şolts ilə təkbətək və geniştərkibli görüşlər keçirib, Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb, həmçinin Federal Kansler Olaf Şolts birgə mətbuat konfransı keçiriblər.

Qeyd edilməlidir ki, ölkə başçısı İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycan hər ötən gün daha da inkişaf edir, daha da güclənir. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin rəhbərlərinin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri, həmçinin nüfuzlu beynəlxalq tədbirlərdə iştirak, hətta bu tədbirlərə ev sahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir.

Xüsusilə qlobal səviyyədə iqtisadi mənzərənin yenidən formalaşması zamanı artıq dünya dövlətləri də görür ki, Azərbaycan dünyada baş verən iqtisadi proseslərin müəyyən qədər mərkəzində yer almalıdır. Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri kifayət uğurlu olub, səfər çərçivəsində dövlətimizin başçısı olduqca səmərəli görüşlər keçirib. Qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçən görüşlərdə iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Ölkə başçısı Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə bir sıra məqamlara toxunulub. Qeyd edilib ki, Azərbaycan beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrədir və yeni kreditlər götürülməsi planlaşdırılır. Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf ölkə iqtisadiyyatının daha çox şaxələndirilməsi üzərində işləməkdir.

Azərbaycanın iqtisadiyyatı son 20 il ərzində rekord hesab edilə biləcək səviyyədə – üç dəfədən çox artıb. Eyni zamanda, ölkənin xarici borcu azaldılıb və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, xarici borc ÜDM-in 10 faizindən aşağı olub.

Artıq Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir neçə başqa beynəlxalq maliyyə institutları ilə ilkin məsləhətləşmələr başlanıb. Lakin infrastruktur layihələri, yol tikintisi, dəmir yolu və sair üçün borc aldığımız əvvəlki illərdən fərqli olaraq, indi öz şirkətlərimizin və sənaye sektorumuzun imkanları artdığından, bizim artıq bunun üçün vəsaitə ehtiyacımız yoxdur.

Ölkə başçısı qeyd edib ki, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq. Qəbul edilmiş 2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaqdır.

Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda ölkəmiz kəmər imkanlarını genişləndirməyi planlaşdırır. Xüsusilə 16 milyard kubmetr tutumu olan TANAP-ı 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ı isə 20 milyard kubmetrədək genişləndirilməsi planlaşdırılır. Bu, da əsasən Avropadan tələbatın artması ilə əlaqədardır. 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəmərin indi genişlənməyə ehtiyacı vardır.

Qeyd edilməlidir ki, ölkə başçısı İlham Əliyevin Almaniyaya səfəri strateji dialoq xarakteri daşıyır. Əsası odur ki, Almaniya Azərbaycanın əhəmiyyətini qəbul edir. Almaniya Prezidenti və Kanslerinin mövqeyində bu ölkənin Azərbaycanla əlaqələrini inkişaf etdirmək əzmi açıq şəkildə nümayiş etdirildi. Yəni, dövlətimizin başçısının səfərə dəvət edilməsi, aparılmış müzakirələr, o cümlədən görüşlər zamanı səsləndirilən fikirlər bunu aydın göstərdi.

Azərbaycan-Almaniya münasibətlərinin və əməkdaşlığının inkişafı baxımından iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı xüsusi önəm kəsb edir. Azərbaycan Prezidentinin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə üç saata yaxın davam edən görüşü bunun bariz təcəssümüdür.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki