Qərb dövlətlərinin Ermənistana hərtərəfli yardımlarına baxmayaraq, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu gün ölkəmizin beynəlxalq müstəvidə mövqeləri daha güclənib. Ermənipərəst güclər də artıq reallıqları qəbul etmək məcburiyyətindədir. Azərbaycanın həm regionda, həm də dünyada nüfuzu günü-gündən artır. Almaniyanın ölkəmizə münasibətdə mövqeyinin dəyişməsini də bu kontekstdən izah etmək olar. Dünyanın aparıcı ölkələrinin rəhbərləri kimi, Almaniyanın federal kansleri Olaf Şoltsun 7 fevral seçkilərində qələbə qazanması münasibətilə Prezidentimiz İlham Əliyevi təbrik etməsi də mövqelərə yenidən baxılmasından, münasibətlərə çəki-düzən verilməsindən xəbər verir. Münxen görüşündən qısa müddət sonra Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri ölkəmizə verilən dəyərdir.
Almaniyanın iş adamlarının ölkəmizə diqqəti artıb və bu da səbəbsiz deyildir. Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib. Yeni çağırışlara uyğun olaraq Prezident İlham Əliyev tərəfindən milli iqtisadiyyatımızda istehsal və ixrac imkanlarının genişləndirilməsini hədəfləyən çoxsaylı fərman və sərəncamlar imzalanıb. Ölkəmizdə yüksək rəqabətlilik təmin edilib, liberal iqtisadiyyat formalaşıb, şəffaflıq təmin edilib. Azərbaycanın qazandığı uğurlar, bütün sahələrdə əldə edilən müsbət göstəricilər onun nəinki regionda, həmçinin dünya miqyasında aparıcı ölkələr sırasına çıxarıb. Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələrini verən Azərbaycan qitənin aparıcı dövlətlərinin diqqət mərkəzindədir. Ölkəmizə gələn, onunla əlaqələrin genişləndirilməsinə, işbirliyi qurmaq üçün təşəbbüs göstərən ölkələrin sayı artır.
Görüşdə Azərbaycan ərazilərinin 30 il Ermənistanın işğalı altında olmasından da danışılıb. Dövlətimizin başçısı vurğulayıb ki, ermənilər torpaqlarımızın 20 faizini işğal edərək həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşüb. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymayıb, Xocalı soyqırımını törədib. 2020-ci ildə Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi və Qarabağda separatizm yuvasını dağıtdı. Ölkəmiz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edib. Bu qərar da əfsuslar olsun ki, kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvü olan Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub. Almaniya kansleri qərəzsizlik nümayiş etdirir, onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə və məqsədyönlü şəkildə edir. Bu da yalnız Azərbaycana qarşı yürüdülən ikili standart kimi qəbul edilməlidir. Prezident İlham Əliyev bildirib ki, əgər bir il ərzində Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru