image-img-20230727-wa0031backend

Azərbaycan-Çin dostluq körpüsü

image-reklam_sirab_01

Prezident İlham Əliyev: “Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir”
Böyük İpək Yolunun tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir. Bu səbəbdən Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir. Qədim İpək Yolunun Azərbaycandan keçməsi ticarətin və ölkələrarası münasibətlərin güclənməsi baxımından da önəmli amildir. Bu haqda Prezident İlham Əliyev iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanmış müsahibəsində danışıb. Dövlət başçısı deyib ki, Qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalı xarakteri ilə seçilir: “Azərbaycan həmin müsbət ssenarinin bir hissəsidir. Buna görə, Azərbaycanın mədəni irsi dövlətimiz tərəfindən lazımınca qorunur”. Müasir dövürdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələr yüksələn xətt üzrə inkişaf edir. İki dövlət arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 2-də qurulub. Bu əlaqələrin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri olub. Prezident İlham Əliyev də müsahəbəsində xatırladıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb: “Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub”.
Cənab Prezident Ulu Öndər Heydər Əliyevin müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı olduğunu da vurğulayıb: “Ulu Öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi”. Azərbaycanla Çin arasında diplomatik münasibətlər 30 ildən artıq müddətdə yüksək inkişaf səviyyəsinə çatıb. Azərbaycan və Çinin rəsmi şəxslərinin qarşılıqlı səfərləri nəticəsində iki ölkə arasında əlaqələr daha da inkişaf edib. Prezident deyib ki, ikitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır: “Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür”. Çin ilə münasibətlər Azərbaycan üçün prioritet istiqamətdir və dövlət başçıları tərəfindən əsası qoyulmuş siyasi dialoq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə şərait yaratmışdır. Azərbaycan ilə Çin arasında mövcud olan dostluq əlaqələri xalqlarımızın tərəqqisi və rifahı naminə uğurla inkişaf edir və güclənməkdədir. Biz bu dostluğun təcəssümünü pandemiya günlərində bir daha gördük. Prezidentimiz müsahibəsində bu məqamı yada salara deyib ki, COVID-19 başlayanda peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşəndə ölkəmizə yardım edən yeganə ölkə Çin oldu. Çin, bu dəstəyi insanlığa olan dəyər və qiymətinin göstəricisidir. Bundan başa isə Çin Azərbaycana olan dotluğunu və sadəqtini həmin günlər bir daha sübut etmişdir.
Hazırda Azərbaycanda 100-dən artıq Çin şirkəti fəaliyyət göstərir. Onlar ölkənin ən yaxşı və ən böyük firmalarıdır. Bu şirkətlər Azərbaycan üçün vacib sahələrdə, xüsusilə, bank, sığorta, kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər. Bu da hər iki tərəf üçün faydalıdır. Bu baxımdan cənab Prezidentin müsahibədəki aşağıdakı fikirlər tam iqtisadi reallığı əks etdirir: “İqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Biz ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır”.
Hazırda yüzlərlə azərbaycanlı tələbə Çində təhsil alır. Çin təhsil, kənd təsərrüfatı, infrastruktur, tibb, informasiya texnologiyaları və s. sahəsində inkişaf edib. Məhz buna görə də Çin haqqında azərbaycanlılarda, xüsusən gənclərdə marağın yaradılmasını zəruri hesab edirik. Bütün bu deyilənləri nəzərə alaraq Çin ilə Azərbaycan arasında dostluq körpüsünun möhkəm dirəklər üzərində qurulduğunu demək olar. Prezident İlham Əliyevin “China Global Television Network” televiziya kanalına müsahibəsi Azərbaycanı çinlilərə daha da yaxından tanıtmaq, azərbaycansevərlərin sayını artırmaq və iki ölkə arasından dostluq və mədəni əlaqələrin gücləndirilməsi baxımından önəmlidir. Dövlətimizin başçısının bu müsahibəsi Azərbaycanın tarixi, iqtisadi inkişafı, İKT uğurları, təhsili, mədəniyyəti, milli-mənəvi dəyərləri, adət-ənənəsinin Çində tanıtım və təbliğ olunmasına əhəmiyyətli töhfə verəcək.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image