İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci vitse prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. Qeyd edim ki, dövlətimizin başçısının koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədi ilə bu il aprelin 7-də imzaladığı sərəncama əsasən hər biri 200 çarpayılıq olan modul tipli xəstəxanalar quraşdırılır. İlk modul tipli xəstəxana may ayının 7-də istifadəyə verilib. Bu xəstəxanalarda koronavirusa yoluxmuş xəstələrin qəbulu və müalicəsi üçün hər cür şərait yaradılıb. Müasir avadanlıqlar quraşdırılıb. Bakı şəhərində, Abşeron rayonunda və Sumqayıtda istifadəyə verilən modul tipli xəstəxanalaırın açılış mərasimində ölkəmizin prezidenti pandemiya ilə mübarizə məqsədi ilə Azərbaycanda həyata keçirilən tədbirlərdən danışaraq vurğulayıb ki, bizim əsas məqsədimiz vətəndaşların sağlamlıqlarını qorumaqdır. Vətəndaşları nizam intizama çağıran prezident vurğulayıb ki, “Azərbaycan vətəndaşları koronavirus pandemiyası ilə bağlı bizim bütün addımlarımızı dəstəkləyirlər. Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır”.
Vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, sağlamlıqlarının qorunması hər zaman prezidentimizin diqqət mərkəzindədir. “Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi – ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”. Əsas məqsəd insanları bu xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir. Burada cənab İlham Əliyevin bu fikirlərini xatırlatmaq yerinə düşər: “Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”.
Bu məqsədlə görülən qabaqlayıcı tədbirlər, insanlara göstərilən dövlət dəstəyi buna əyani sübutdur. “Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq. Bu məqsədlə yeni laboratoriyalar alınıbdır.Dövlət başçısı bildirib ki, hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalar ayrılıb, onlara təqdim edilib, o cümlədən “Yeni klinika” – bizim ən gözəl, ən müasir xəstəxanamız və digər xəstəxanalar. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Eyni zamanda, hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb”.
Azərbaycan dünyada nadir ölkələrdəndir ki, pandemiyaya yoluxan xəstələr tibbi müəssisələrdə müalicə alır. Azərbaycanın fıdakar tibb işçiləri xəstələrə çox yüksək səviyyədə xidmət edirlər. Onların sağalıb yenidən evlərinə qayıtmaları üçün bütün qüvvələrini sərf edirlər. “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dövlət başçısı vurğulayıb ki, dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”.
Koronavirusla mübarizənin bazasının gücləndirilimsi üçün önləyici tədbirlər görülür. Modul tipli xəstəxanalarda xüsusi olaraq pandemiyaya yoluxan vətəndaşlara göstəriləcək xidmətdən danışan dövlətimizin başçısı qeyd edib ki; “Ölkəmizdə modul tipli üç xəstəxana açılır. Bu xəstəxanalarda koronavirus xəstələri müalicə olunacaq və beləliklə, koronavirusla bağlı mübarizədə növbəti önəmli addım atılır. mayın 7-də açılış mərasimində qeyd etdim ki, bu xəstəxanaların sayı 10-a çatmalıdır. Ümid edirəm ki, yaxın gələcəkdə – təxminən ayın sonuna qədər qalan 6 xəstəxana da istifadəyə veriləcəkdir. Beləliklə, bizim əlavə iki min çarpayımız olacaqdır və bu, koronavirusla bağlı mübarizədə imkanlarımızı daha da genişləndirəcək.”
Azərbaycan Turizm Və Menecment Üniversiteti
Şamilli Ziya