Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında öz layiqli yerini tutmaqdadır. Bu müharibə göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğal altında olan bütün torpaqlarımızda Azərbaycan bayrağının dalğalanacağına əmin idi. “Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi, xalqımızın iradəsini göstərdi. Bir daha bütün dünya gördü ki, əgər iradə varsa, güc varsa, xalq-iqtidar birliyi, əzmkarlıq və cəsarət varsa, haqq-ədalət öz yerini tapır. Biz bunu nümayiş etdirdik.”
Dövlətimizin başçısı öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, döyüşlərdə fədakarlıq göstərmiş şəhidlərin ailələri və qazilərimizin qayğıları hər zaman dövlətimizin diqqət mərkəzində olacaqdır. Bununla əlaqədar əməli tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi olan “YAŞAT” Fondu yaradıldı.
Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətin əsas sosial siyasətlərindən biri olduğundan qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə Fondun nümayəndələri və “Asan könüllüləri” görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur.
Şəhid ailələri və qazilərin mənzillərlə təminatı istiqamətində işlər görülür. Təkcə Ramana kompleksində 30 ədəd doqquz mərtəbəli bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub, bütün lazımi şərait yaradılıb. Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcəkdir. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.
Yenicə təmirdən çıxmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində müharıbədə yaralanan qazilərimizə hərtərəfli tibbi yardım göstəriləcəkdir. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcəkdir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilib. 300-dən çox qazi bu protezlərlə təmin ediləcək.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin edilib. Həmçinin şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub.
AzSığorta tərəfindən bu günə qədər 1 053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət almış 4 119 nəfər hərbçimizə 18 109 850 manat ödəniş edilib.
Zərərçəkmiş mülki əhali də dövlət qayğısı ilə əhatə ediləcəkdir. Belə ki, bu kateqoriyadan olan vətəndaşların zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə dövlət maliyyə yardımları göstərəcəkdir.
Bu gün dövlətin yardımı ilə şəhid ailələri və qazilərə sahibkarlıqla məşğul olmaq üçün lazımı vəsaitlər verilir, onların işlə təminatı məsələləri diqqət mərkəzində saxlanılır. Bu da Azərbaycan dövləti və Prezident İlham Əliyevin sosial siyasətinin əsas strateji prioritetlərindən biridir.
İşğaldan azad edilmiş ərazilərimizdə görüləcək işlərlə bağlı planlar, daha müasir şəhər və kəndlərin salınmasına xidmət edəcək “ağıllı şəhər”, “ağıllı kənd” layihələri bu ərazilərimizi əvvəlkindən də diqqət çəkən edəcək. Bu ərazilərimizin malik olduğu resurslardan səmərəli istifadə əməkdaşlıq əlaqələrimizin də genişlənməsinə böyük imkanlar açacaq. Proses artıq başlayıb. Müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü