İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərən sənaye parkının – “Dubai Industrial City”nin direktoru Saud Abu Al Şavareblə görüş keçirib.
Veteninfo.az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, görüşdə E.Nuriyev ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verib.
Bundan başqa ikitərəfli görüşdə rezidentlər arasında qarşılıqlı əlaqələrinin yaradılması, onlar arasında ticarət, emal və ixrac əməkdaşlığının qurulması istiqamətində müzakirələr aparılıb, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “Dubai Industrial City” arasında yaxın vaxtlarda əməkdaşlıq memorandumunun imzalanmasına dair razılıq əldə edilib.
“Dubai Holding”in tərkibində fəaliyyət göstərən “Dubai Industrial City”nin əsası 2004-cü ildə qoyulub və 5 202 hektar ərazini əhatə edir. Hazırda sənaye parkının ərazisində 200-dən çox müəssisə fəaliyyət göstərir və 3,5 milyard ABŞ dolları investisiya yatırılıb.