Çexiya Prezidenti Petr Pavel Rusiyanın müharibəyə və hibrid təcavüzə xarici siyasətinin adi və qanuni alətləri kimi yanaşdığını bildirib.
Vətəninfo.az xəbər verir ki, Petr Pavel bu barədə Çexiya Senatında keçirilən dinləmələr zamanı danışıb.
Çexiya liderinin sözlərinə görə, Rusiya uzun müddətdir sülh, diplomatik böhran və müharibə arasındakı ənənəvi fərqləri aradan qaldırıb. Moskvanın strategiyası daimi qarşıdurmaya əsaslanır və bu prosesdə yalnız istifadə olunan vasitələrin forması və intensivliyi dəyişir.
Pavel vurğulayıb ki, Rusiya rəsmi şəkildə müharibəni xarici siyasətinin qanuni aləti hesab edir.
O qeyd edib ki, Kreml casusluq, təxribat, psixoloji əməliyyatlar, kiberhücumlar və informasiya kampaniyaları da daxil olmaqla, müxtəlif hibrid təsir vasitələrindən sistematik şəkildə istifadə edir.
Prezident bu fəaliyyətlərə nümunə olaraq Leypsiq hava limanında baş verən hadisələri, Polşada qanadlı raketlərin düşməsini, Danimarkada ukraynalı reperə qarşı sui-qəsd cəhdini və Çexiyanın Vrbětice bölgəsindəki sursat anbarlarında baş vermiş partlayışları göstərib.
Petr Pavelin fikrincə, Moskvanın əsas məqsədi Avropa İttifaqı və NATO-nu zəiflətmək, Ukraynaya dəstək verən ölkələri qorxutmaq və Avropa cəmiyyətində Rusiyaya qarşı müqavimətin mənasız olduğu qənaətini formalaşdırmaqdır.
Çexiya Prezidenti Rusiyanın rəhbərliyindən gələn bəyanatların diqqətdən kənarda saxlanılmamasına, eləcə də ölkədəki məktəb dərsliklərinin məzmununa xüsusi diqqət yetirilməsinə çağırıb. Onun fikrincə, həmin dərsliklər gənc nəsildə millətçi baxışların formalaşmasına təsir göstərir.
Pavel, həmçinin Avropa ölkələrinin birliyinin və öz suverenliklərini müdafiə etməyə hazırlığının vacibliyini vurğulayıb.
O bildirib ki, Moskva ilə danışıqlar mümkündür, lakin bu danışıqlar Rusiyanın təzyiqləri və tələbləri qarşısında deyil, güc mövqeyindən aparılmalıdır.


























