Cənub Qaz Dəhlizi Məşvərət Şurası Azərbaycanın etibarlı tərəfdaşlığının təzahürüdür.
Müasir dövrdə dünyada diqqət edilən əsas məqamlardan biri də tərəfdaşlıqda etibarlı davranmaqdır. Bu baxımdan Azərbaycan müsbət mənada fərqlənir.
Cənub Qaz Dəhlizi sadəcə bir enerji layihəsi deyil. Dövlət başçısının da bəyan etdiyi kimi, Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir, bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı.
Ekspertlər qeyd edirlər ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və Avrasiyanın enerji xəritəsini formalaşdırır. Hazırda Azərbaycan qazının xarici tədarükünün təxminən 50 faizi Avropa ölkələrinin payına düşür. Azərbaycanın İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstana qaz tədarükü üzrə müqavilələri var. Eyni zamanda, ölkəmizdən qaz almaq istəyən daha bir qrup ölkələr var. Bunlar Serbiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Slovakiya və Şimali Makedoniyadır. Təsadüfi deyil ki, Avropa İttifaqları liderləri Azərbaycana etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı kimi baxırlar.
Azərbaycan bəşəri dəyərlərə hörmətlə yanaşan ölkədir və insanları narahat edən məsələlərdə zəruri addımların atılmasını hər zaman dəstəkləyir. COP29-un Azərbaycanda keçirilməsi də bunu təsdiqləyir. Belə bir mötəbər tədbirin keçirilməsinin Azərbaycana həvalə edilməsi bir tərəfdən ölkəmizə olan beynəlxalq etimaddırsa, digər tərəfdən Bakının güclü yaşıl gündəliyə malik olmasıdır. Ölkəmiz ənənəvi enerji resurslarının istehsalçısı olsa da, yaşıl enerjinin inkişafı istiqamətində də böyük işlər görür. Prezident İlham Əliyev çıxışında bu məqama toxunaraq diqqətə çatdırdı ki, COP29-un Azərbaycanda təşkil edilməsi barədə yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir.
Azərbaycanın bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Bu potensialdan irəli gələrək hazırda ölkəmizdə “yaşıl enerji”yə keçid də sürətlidir. Bütün bunlar onu deməyə əsas verir ki, tezliklə Azərbaycan bərpaolunan enerji sahəsində də aparıcı dövlətlərdən biri olacaq.