Prezident İlham Əliyev “Euronews” televiziyasına Şuşa şəhərində müsahibəsində bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Azərbaycan sülhün tərəfdarıdır və regionda baş verən bütün proseslərə təmkinlə yanaşır.
Vətən müharibəsindən sonra regionda vəziyyətin mürəkkəb olaraq qalmaqdadır. Bu gərginliyin səbəbi Ermənistanın üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirməməsidir. Ermənistanın öhdəsinə düşən vəzifələri icra etməkdən boyun qaçırması vəziyyətin daha da mürəkkəbləşməsinə və əngəllərə yol açır.
Regionda təxribat xarakterli proseslər baş verir və bunlar kifayət qədərdir. Əslində, bu addımlar ona hesablanıb ki, sülh danışıqları pozulsun və nəticəsiz qalsın. Azərbaycan tərəfi sülhə və təhlükəsizliyə təhdid olan bütün təxribatları pisləyir, bunların aradan qaldırılması üçün bütün müstəvilərdə səylərini davam etdirir.
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində hazırda regiondakı gərgin vəziyyətin səbəbkarının Ermənistan olduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Digər tərəfdən, dövlətimizin başçısı tərəflər arasında sülh sazişinin imzalanacağına ümid etdiyini də bildirdi və bunun üçün Ermənistanın siyasi rəhbərliyini tutduğu destruktiv mövqedən yayınmağa çağırdı.
Azərbaycan Prezidenti Ermənistan ictimaiyyətinə üz tutaraq bildirdi ki, rəhbərləri onları 30 il ərzində aldatmağa çalışıb, əsl həqiqəti gizlədiblər. Real prosesləri diqqətə çatdıran dövlətimizin başçısı bir daha vurğuladı ki, Qarabağda yaşayan erməni əhali manipulyasiyanın girovu olmağa son qoymalıdırlar. “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar”, – deyən Prezident İlham Əliyev Azərbaycan dövlətinin onlara normal həyat təklif etdiyini bildirdi. Normal həyat isə o vaxt təmin olunacaq ki, Qarabağ erməniləri Azərbaycan cəmiyyətinə inteqrasiya olunsunlar”.
Sülh sazişinin imzalanması təşəbbüsü məhz Azərbaycan tərəfindən verilib, halbuki, məğlub tərəf Ermənistandır. Sülh gündəliyinin təqdim olunduğunu, danışıqların aparıldığını və normallaşma prosesində vasitəçilərdən birinin də Avropa İttifaqı olmuşdur. Danışıqların Avropa İttifaqının paytaxtında keçirilməsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü olub və ölkəmizin rəhbəri bu dəvəti qəbul edib. Çünki Avropa İttifaqının həm Azərbaycan, həm də Ermənistan ilə sıx əməkdaşlıq əlaqələri vardır və buna görə də Avropa İttifaqının bu işlərdə fəal olması təbiidir. “Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Sülh Təşəbbüsü çərçivəsində də görüşürük. Sonuncu dəfə bu görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik”, – deyə Prezident İlham Əliyev bildirib.
Təəssüflər olsun ki, Ermənistan tərəfi normallaşma prosesini ləngidir. Azərbaycan və Avropa İttifaqı tərəfindən atılan addımlar danışıqların məhsuldar və nəticəyönümlü olmasına hesablanıb. Ümid edirik ki, Ermənistan rəhbərliyi öz destruktiv mövqeyindən əl çəkəcək və sülh sazişini imzalayacaq.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru