image-img-20230524-wa0001backend

Azərbaycan-Litva münasibətlərinin inkişafı üçün geniş perspektivlər vardır

image-reklam_sirab_01

Azərbaycan-Litva münasibətləri dərin tarixi köklərə, hər iki xalqın qarşılıqlı səmimi dostluq münasibətlərinə söykənir. Təsadüfi deyil ki, hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizdə fəaliyyət göstərən azsaylı diplomatik nümayəndəliklərdən biri də Litvaya məxsus olub. Litvanın Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri olması da xalqlarımız arasındakı qarşılıqlı münasibətlərin nə qədər yüksək səviyyədə olmasını, həmçinin Litvanın Azərbaycana Cənubi Qafqazın ən əhəmiyyətli ölkəsi kimi verdiyi dəyərin göstəricisidir.

Litva Azərbaycanla strateji tərəfdaş olmaqla yanaşı, ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına böyük önəm və töhfə verən dövlətlərdən biridir. Qarşılıqlı münasibətlərin yüksək səviyyədə olması özünü Azərbaycan və Litvanın dövlət başçılarının davamlı, qarşılıqlı xarakter daşıyan səfərlərində, iki dövlət arasında imzalanan çoxsaylı sənədlərdə də büruzə verir. İki dövlət arasındakı əlaqələrin intensivliyi Azərbaycan-Litva münasibətlərinin inkişafı üçün geniş perspektivlərin olduğundan xəbər verir.
May ayının 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litva Respublikasına rəsmi səfəri çərçivəsində dövlətlərarası münasibətlərin ən müxtəlif sahələrinin müzakirə predmeti olması, qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı siyasi iradənin ifadə edilməsi Azərbaycan-Litva münasibətlərində yeni və daha intensiv inkişaf mərhələsinin başlandığından xəbər verir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, strateji tərəfdaşlar kimi Litva və Azərbaycan bir-biri ilə uğurla əməkdaşlıq edir. Hər iki ölkə Avrasiyada daha rahat və təhlükəsiz nəqliyyat və kommunikasiya imkanlarının yaradılmasına böyük səylər göstərir və bu istiqamətdə yaxından əməkdaşlıq edirlər. Dünyada hökm sürən yeni geosiyasi reallıqlar Azərbaycanın və Litvanın geostrateji mövqelərini təkcə Cənubi Qafqazda və Baltikyanı ərazilərdə deyil, bütövlükdə Avrasiyada möhkəmləndirib və hər iki ölkə nəqliyyat və enerji dəhlizlərinin diversifikasiyası prosesində fəal mövqe sərgiləyirlər.
Müstəqillik dövründə Litva bizim müstəqilliyimizi tanıyan ilk respublikalardan biri kimi tanınıb. 2007-ci ildə ölkələrimiz arasında strateji əməkdaşlıq haqqında dövlətlərarası saziş imzalanıb. Hazırda dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 41 sənəd mövcuddur. Ötən il ölkələrimiz arasında iqtisadi dövriyyə 32 milyon 911 min dollar həcmində olub.
İqtisadi inkişaf baxımından Litva və Azərbaycan arasında oxşar cəhətlər də çoxdur. Belə ki, respublikamız Cənubi Qafqazın ən inkişaf etmiş iqtisadiyyatına malikdirsə, Litva da Baltikyanı ölkələrdən ən inkişaf etmiş iqtisadiyyata sahibdir. Həmçinin Litvanın da ölkəmiz kimi nəqliyyat–loqistika infrastrukturu şaxələndirilib, müasir tələblərə cavab verən yollar var.
Bu gün iki ölkənin həm siyasi, həm də iqtisadi cəhətdən bir-birinə verəcək töhfələr çoxdur. Belə ki, Litva Avropa İttifaqının təhsil səviyyəsi üzrə ən inkişaf etmiş ölkəsidir. Burada ali təhsilli gənclərin sayı 56 faizdən yuxarıdır və bu göstəriciyə görə, Litva Avropa İttifaqında lider mövqedədir.
Litvada 7 Azad İqtisadi Zona fəaliyyət göstərir ki, bu zona investisiya mühiti və Avropa İttifaqı bazarlarına çıxış əldə etmək üçün çox əlverişli bir məkandır. Bu, bizim sahibkarlar və qeyri-neft sektorunda fəaliyyət göstərən biznes subyektləri üçün Avropa bazarlarına çıxışa əlverişli şərait yarada bilər.
Azərbaycan ilə Litva arasındakı münasibətlər qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanır. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri getdikcə inkişaf edir və yeni mərhələyə yüksəlir.

Tufan Məmmədov – iqtisadçı ekspert

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki