Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycan nümayəndə heyəti “Dubay EXPO 2020” ümumdünya sərgisində olub.
Veteninfo.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu il oktyabrın 1-dən gələn il martın 31-nə qədər davam edəcək sərgidə 192 ölkə və 10 təşkilat iştirak edir. Sərgidə ölkəmiz Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılmış Azərbaycan Pavilyonu ilə təmsil olunur. Bu, yeni əməkdaşlıq əlaqələrinin qurulması, potensial biznes tərəfdaşları və investorlarla dialoq yaratmaq baxımından böyük önəm kəsb edir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, insan kapitalına sərmayə yatırımı, dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi kimi qlobal sahələrdə qazanılan uğurların nümayiş olunduğu Azərbaycan Pavilyonu sərgiyə gələnlər tərəfindən maraqla qarşılanır. “Dubay EXPO 2020” sərgisi məhsullarımızın daha çox tanıdılması, xarici bazarlara çıxışının genişləndirilməsi üçün əlverişli platformadır.
Azərbaycan nümayəndə heyəti, həmçinin “Dubay EXPO 2020” sərgisində qardaş Türkiyə və BƏƏ pavilyonlarına gedib, əldə olunan nailiyyətlərlə və davamlılığının təmin olunması istiqamətində görülən işlərlə tanış olub.
“Dubay EXPO 2020” ümumdünya sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyəti “DP World Group”un direktoru Sultan Əhməd Bin Sulayemlə görüşüb. Görüşdə nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın nəqliyyat-tranzit və sənaye potensialını diqqətə çatdırıb, sənaye zonaları və Trans-Xəzər nəqliyyat dəhlizi üzrə BƏƏ şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb. Nazir Ələt Azad İqtisadi Zonasının fəaliyyəti üçün Azərbaycanın inkişaf etmiş infrastruktura malik olduğunu, bu sahəyə qoyulan investisiyaların ölkə iqtisadiyyatının diversifikasiyasına və ticarət dövriyyəsinin artırılmasına əlavə imkan yaratdığını qeyd edib.
Görüşdə Azərbaycanın geniş tranzit potensialı vurğulanıb və Bakının Avrasiyanın tranzit və logistik mərkəzinə çevrilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
“DP World Group”un direktoru Sultan Əhməd Bin Sulayem təmsil etdiyi biznes qurumunun fəaliyyəti, müxtəlif ölkələrdəki təcrübəsi barədə danışıb, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib, ölkəmizin əlverişli coğrafi mövqeyinin və inkişaf etmiş infrastruktura malik olmasının “DP World Group”la əlaqələrin genişləndirilməsi üçün şərait yaratdığını vurğulayıb.
Tərəflər Bakı Beynəlxalq Dəniz Ticarət Limanı daxil olmaqla Ələt Azad İqtisadi Zonasına “DP World Group”un məsləhət xidmətləri göstərməsinə dair müzakirələr aparıb.
Görüş çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi və “Dubai Logistics World” arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd BƏƏ-nin Avropa və Asiya arasında ticarət əlaqələrini möhkəmləndirmək məqsədilə elan etdiyi “Dünya Logistika Pasportu” (WLP) təşəbbüsünə Azərbaycanın qoşulması, ölkəmizin beynəlxalq ticarətlə məşğul olan şirkətlərinin regional WLP mərkəzlərin təqdim etdiyi üstünlüklərə birbaşa çıxışının əldə olunması və digər məsələləri nəzərdə tutur.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Azərbaycan İnvestisiya Forumu keçirilib. Tədbirdə hər iki ölkədən 150-ə yaxın iş adamı iştirak edib.
Forumda çıxış edən iqtisadiyyat naziri Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, pandemiya dövründə iqtisadi sabitliyin, makroiqtisadi dayanıqlılığın və iş yerlərinin qorunması məqsədilə tətbiq edilən dəstək mexanizmləri barədə məlumat verib, Vətən müharibəsində qazanılmış böyük Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərimizin bərpasının ölkənin inkişaf prioritetləri üçün yeni çağırışlar və reallıqlar yaratdığını vurğulayıb. Qeyd olunub ki, Qarabağ bölgəsində aparılan bərpa-quruculuq işləri iş adamlarının bu ərazilərdə fəaliyyət göstərməyə marağını artırır. Nazir ölkəmizin iqtisadi inkişaf trendləri, investisiya siyasətinin prioritetləri, ölkəmizdə yaradılmış əlverişli investisiya və biznes mühiti, regional infrastruktur layihələri, Zəngəzur dəhlizinin imkanları, Ələt Azad İqtisadi Zonası barədə məlumat verib, BƏƏ iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
İnvestisiya Forumunda Dubay İnvestisiya İnkişafı Agentliyinin baş icraçı direktoru Fahad Al Gergavi Azərbaycanın qazandığı uğurlardan məmnunluğunu ifadə edib, bunun BƏƏ iş adamlarının xarici iqtisadi fəaliyyətini genişləndirməsinə səmərəli zəmin yaratdığını diqqətə çatdırıb. Qeyd olunub ki, İnvestisiya Forumu iki ölkə sahibkarları arasında qarşılıqlı investisiyaların təşviqində, yeni işgüzar əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayır.
Forumda energetika nazirinin müavini Kamal Abbasov, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Yusif Abdullayev, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycanın biznes və investisiya imkanları barədə çıxış ediblər. Tədbirdə Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan investisiya layihələrinin təqdimatı keçirilib, investorları maraqlandıran suallar cavablandırılıb.
Forum çərçivəsində, həmçinin bir sıra görüşlər keçirilib. Su və enerji layihələri üzrə ixtisaslaşmış “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib. Görüşdə Azərbaycanın zəngin bərpa olunan enerji resurslarına malik olduğu qeyd edilib, külək elektrik stansiyalarının tikintisi, suyun duzsuzlaşdırılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinin “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahi ilə görüşündə enerji istehsalının bərpa olunan mənbələr hesabına şaxələndirilməsinin əsas hədəflərdən olduğu, şirkətlə əməkdaşlığın dayanıqlı, təmiz enerji ilə bağlı prioritetlərimizin reallaşdırılmasına töhfə verəcəyi qeyd edilib. Görüşdə külək və günəş enerjisi, bərk məişət tullantılarının yandırılması, “yaşıl” hidrogen istehsalı və digər mövzularda əməkdaşlıq məsələləri müzakirə olunub.