Azərbaycanın strateji baxışları keçmişin, bu günün və gələcəyin reallıqlarını çox aydın baxış və təsəvvürlər vasitəsi ilə təhlil etmə dövrünü yaşayır. Dünya informasiya məkanında Azərbaycan həqiqətləri tarixin yeni səhifələrini açarkən təkcə bu günün deyil, mövcud həqiqətlərin tarixinin kökündən izahını verib. Vaxtilə “Arsax müstəqil dövlətdir” kimi dünyanı aldatmağa yönələn cəfəng fikirlərin alt–üst edilməsi də tarixi yaddaşın həqiqətlərinin üzə çıxarılmasına xidmət etmişdir. Ona görə ki, bu addım tarixi faktların dili ilə sübut olunaraq, əsl həqiqətin harada olduğunu dünyaya çatdırır. Bu gün tarixə qayıdış zərurəti Ermənistan üçün ona görə çox vacibdir ki, onların dövlətçilik tarixində “arsax” adlı bir dövlətin mövcudluğu haqqında mif, hətta Ermənistanın mövcudluğunu sual altında qoya bilər. Çünki onların təfəkkürü yalan miflər yaratmaqdan qabağa gedə bilməmişdir. Nəticə isə göz qabağındadır.
Azərbaycan cəbhədə əldə etdiyi bu qələbələrin əsasını son 17 il ərzində qoyub. Ordumuzun güc-qüdrətinə mühüm önəm verilib, ən müasir döyüş texnikasının alınma¬sı gerçəkləşdirilib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan Prezidenti çıxışlarının birində bu barədə danışarkən, deyib: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.
Beləliklə, döyüşdə uduzan, məğlub olan Ermənistanın öz müqavimətini dayandırmaq¬dan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa əlacı qalmadı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi. Müharibədə ağır itkilər verərək, məğlubiyyətin qaçılmazlığını anlayan, dərk edən işğalçı res¬publikanın rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtlərlə razılaşmağa məcbur oldu.
Beləliklə, Azərbaycanın tarixi yaddaşa əsaslanan möhkəm dövlətçilik təfəkkürü nəinki öz ərazi bütövlüyünü təmin etdi, dünyada mövcud olan dondurulmuş münaqişə ocaqları haqqındakı stereotipləri əslində sındırdı. Prezident İlham Əliyevin dərin məntiqə söykənən fikirləri bizim tarixi yaddaşımız və gələcək hədəflərə nail olmağımız üçün növbəti strateji yol xəritəsidir.
Nəhayət, ədalət və haqq zəfər çaldı. Bu zəfər Müzəffər Ali Baş Komandanın əmrini yerinə yetirən Azərbaycan Ordusunun və Prezidentin ətrafında birləşən Azərbaycan xalqının iradəsinin zəfəridir. Uzun illər ərzində 20 faiz torpaqları işğal olunmuş, ermənilər tərəfindən məğlub edilmiş damğasını daşıyan xalq artıq bu damğadan qurtulmuş oldu. Bunun üçün xalqımız hər cür çətinliklərə, nisgilə tab gətirərək yüksək əzm və iradə nümayiş etdirdi. Bir sözlə desək, bu qələbə həm haqlı, həm də güclü Azərbaycan xalqının iradəsinin təntənəsidir”.
Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi
Əliyeva Zenfira Taleh qızı