Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iyun ayının 15-də ölkəmizə səfəri Azərbaycan-Pakistan münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Pakistan 30 illik işğal dövründə Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımayıb və diplomatik əlaqələr qurmayıb.
44 günlük Vətən müharibəsi dövründə Pakistan beynəlxalq hüququn, haqq-ədalətin yanında yer aldı, Azərbaycan torpaqlarının işğalına birmənalı şəkildə qarşı çıxdı. Vətən müharibəsi dövründə Pakistanın Azərbaycana yanaşması dost-qardaş münasibətləri kontekstində olub. Bu gün Azərbaycan və Pakistan bir çox sahələrdə əməkdaşlıq edir. Həmçinin Azərbaycanın Pakistanla əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də çoxşaxəlidir.
Azərbaycan, Türkiyə və Pakistan hərbçiləri müxtəlif təlimlərdə və beynəlxalq tədbirlərdə birlikdə iştirak edirlər. Prezident İlham Əliyev ölkəmizlə Pakistan arasındakı hərbi əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi ilə bağlı açıqlama verdi ki, bu da böyük əhəmiyyətə malikdir. Ümumilikdə Azərbaycanın Pakistan kimi müasir silahlara və hərbi siyasətə malik olan bir ölkə ilə əməkdaşlığı inkişaf etdirməyi çox vacibdir.
Görüş zamanı qeyd edilib ki, iki dost və qardaş ölkə arasında əməkdaşlıq əlaqələri genişlənməkdədir. Artıq yaxın vaxtlarda Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Nümayəndə heyətləri Azərbaycanla Pakistan arasında ticarət və sərmayə məsələləri, enerji məsələsi, həmçinoin müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir. Vurğulanıb ki, enerji sahəsində böyük perspektivlər vardır, həmçinin şəhərlərimiz arasında uçuşların sayı artacaqdır. Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac vardır. Bu gün dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.
Ölkələrimiz arasına həm də təhsil sahəsində əməkdaşlığın böyük potensialı var. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.
Pakistan tərəfi, həmçinin Ermənistanla münasibətləri yalnız Azərbaycanla sülh bağlayacağı təqdirdə bərpa edəcəyini söyləyir. Pakistanın Baş nazirinin bunu Azərbaycanda ifadə etməsi, eyni zamanda, Prezident İlham Əliyevi Pakistana səfərə dəvət etməsi çox önəmli diplomatik mesajlardan biridir. Düşünürəm ki, Azərbaycan-Pakistan əməkdaşlığı həm də regional təhlükəsizlik baxımından xüsusi əhəmiyyətə malikdir.
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı