COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoyub. Koronavirus pandemiyası başlanandan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən çox ciddi tədbirlər görülməklə yanaşı, regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Bu gün ölkənin səhiyyə sistemi qısa zamanda virusla mübarizəyə istiqamətləndirilib, xüsusi karantin rejimi tətbiq olunub, modul tipli xəstəxanalar inşa edilib, maska istehsalı fabriki açılıb, 20-dən çox müasir laboratoriya quraşdırılıb. Ölkəmizdə həm də yoluxmanın erkən aşkarlanması üçün xeyli sayda testlərin aparılması, koronavirusa yoluxmuş bütün xəstələrin xəstəxana şəraitində yüksək səviyyədə müalicə edilməsi də bu prosesin tərkib hissəsidir. Bundan başqa, xüsusi karantin rejiminin tətbiq olunduğu zaman dövlət hər bir vətəndaşının yanında olub, onların problemlərinin həllinə dəstək göstərib, maddi yardım edib. İqtisadi sabitliyi, məşğulluqla bağlı problemləri həll etmək üçün sosial-iqtisadi dəstək paketi qəbul olunub. Prezident İlham Əliyevin birbaşa nəzarəti, təşəbbüskarlığı ilə pandemiyaya qarşı mübarizə tədbirləri, atılan ümumi addımlar həm də növbəti Azərbaycan təcrübəsini yaratdı. BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev mühüm təşəbbüslərlə çıxış edib Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir: “Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olub və onu uğurla keçirib. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib”. Dövlət başçısı bildirib ki, “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü Azərbaycanı dərindən narahat edir: “Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcək. Prezident bildiribki Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.
Bəhruz Xudiyev.