image-img-20230408-wa0012backend

Azərbaycan Prezidentinin Tacikistana səfəri ölkələrimizin ikitərəfli münasibətlərində yeni səhifədir

image-reklam_sirab_01

Məlum olduğu kimi, aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü olub. Görüşdə ölkələrimiz dostluq, qardaşlıq münasibətlərinin olduğu qeyd olunub, bir sıra həlli vacib məsələlərə toxunub, ticari-iqtisadi inkişaf, nəqliyyat infrastrukturu ilə bağlı bir çox məsələləi müzakirə edilib. Düşənbə şəhərində Azərbaycan və Tacikistan prezidentləri həm təkbətək, həm də geniş tərkibdə görüşləri zamanı qarşılıqlı əməkdaşlığın inkişafına dair faydalı müzakirələr aparıblar. Səfər zamanı təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Dövlət başçısı İlham Əliyev qeyd edib ki, Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən çətin və ən ağır şəraitdə qədəm qoyublar: “Təbii ki, o dövrü yaxşı bilən adamlar bunu təsdiq edə bilərlər. Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir. Bizim bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər”.
Prezidentin dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Tacikistan Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu” və digər vacib sənədlər imzalanıb. Dövlət başçısı İlham Əliyev Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazır olduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyevin Tacikistana səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açmaqla yanaşı, həm də bu günə qədər olan nəticələri bir qədər də yüksəltmiş oldu. Səfər zamanı imzalanan sənədlər, aparılan söhbətlər onu deməyə əsas verir ki, xalqlarımız arasında tarixi-mədəni birliyə və çoxəsrlik ənənələrə əsaslanan dostluq əlaqələri yüksək səviyyədədir. Bu gün Tacikistan-Azərbaycan münasibətləri getdikcə inkişaf edir. Hər iki dövlət qarşılıqlı maraq əsasında əməkdaşlığın bütün istiqamətləri üzrə məhsuldar fəaliyyətin genişləndirilməsində və dərinləşdirilməsində maraqlıdır. Əminik ki, bu gün əldə olunan razılaşmalar çoxşaxəli tərəfdaşlığımızı yeni məzmunla zənginləşdirəcək, daha yüksək və keyfiyyətli səviyyəyə çıxaracaq.

Şəfəq İbişova
Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki