image-reklam-veteninfo
image-photo-2022-03-06-14-35-16backend

Azərbaycan qadınılarının qurultayı

image-reklam-veteninfo

Qadınlarımız bizim ən dəyərli varlıqlarımızdır. Həyatımızın hər bir sahəsində qadınlar aparıcı rol oynayır. Azərbaycanda qadınların rəsmi olaraq kişi ilə hüquqları bir olsa da, ayrıseçkilik hələ də bəzi məqamlarda özünü göstərir. Ölkənin kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif olması, iqtisadiyyatda qadının rolunu məhdud olmasına səbəb olur və cinsi diskriminasiyaya görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkir.

Azərbaycanda qadının statusu son bir neçə minillik ərzində çox böyük dəyişikliklərə məruz olmuşdur. Buna baxmayaraq, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu.

1921-ci ilin mayında qəbul edilən Azərbaycan SSR-in ilk Konstitusiyası qadınlara geniş hüquqlar verdi. Konstitusiyanın 79-cu maddəsində iqtisadi, dövlət, mədəni və ictimai və siyasi həyatın bütün sahələrində qadınların kişilərlə bərabərliyi vurğulanmışdır. Bir qadına bir kişi ilə bərabər işləmək və istirahət etmək, bərabər maaş, sosial sığorta və təhsil almaq hüquqlarına zəmanət verildi. 18 yaşına çatmış bütün qadınlara səsvermə hüququ verildi. Konstitusiyaya uyğun olaraq qadınlar və kişilərə bərabər əməkhaqqının tətbiqi, analıq və uşaqlıq hüquqlarının qorunması, evlilik və boşanma ilə bağlı qərarlar və qadınların kişilərlə bərabərliyini təsdiq edən bir sıra digər fərmanlar verildi. 21 iyul 1920-ci ildə qadın bərabərliyi qanunlarının pozulmasına qarşı “Mülki nikah, uşaqlar haqqında və dövlət aktları kitablarının tətbiqi haqqında” fərman hazırlandı. Çoxarvadlılıq, müvəqqəti nigah , qızların evlənməyə məcbur edilməsi qadağan edildi, şəriət qanununa görə əvvəllər tətbiq edilən qızlar üçün evlilik yaşı 9-dan 16-ya qaldırıldı

Əvvəlcə qadınlar, onlara verilən hüquqların mahiyyətini hələ tam dərk edə bilmirdi, Azərbaycanda qadın probleminin həllinə feodal-patriarxal qalıqların əhali arasında güclü təsiri mane olurdu. Buna görə fərmanların, qanunların və qaydaların qəbul edilməsi qadınların həqiqi bərabərliyinin həyata keçirilməsi demək deyildi. Bu qanunverici aktları əhali arasında çoxlu sayda təşkilati, izahat və maarifləndirmə işləri apararaq tanıtmaq lazım idi. 1921-ci ilin aprelində Moskvada keçirilən Şərq qadınları arasında I Ümumrusiya İş Təşkilatçı Yığıncağında qərara alındı ki, “Şərqin milli bölgələrində qadınlar arasında təbliğat işləri iqtisadi inkişaf formalarının müxtəlifliyinə və Şərq xalqlarının mədəni səviyyəsinə uyğunlaşdırılmalıdır”. İclasda qadın istehsal kooperativlərinin təşkilinə ehtiyac olduğu qeyd edildi.

1921-ci ilin fevralında Bakıda keçirilmiş Azərbaycan qadınlarının qurultayı, Azərbaycan qadınları arasında bir ilk idi. Tarixdə ilk dəfə qadınlar 1188 nümayəndənin qatıldığı qurultaya toplaşdılar. Bunların 815-i Bakıdan, 369-u respublikanın 12 əyalətindən, 4-ü Dağıstandan gəlmişdi.

Qurultayın çağırılmasında əsas məqsəd Azərbaycanın işləyən qadınlarının fəallığını artırmaq və mahallarda qadın şöbələrinin işini təşkil etmək idi. Qurultayda aşağıdakı məsələlər müzakirə edildi: “Mövcud vəziyyət haqqında”, “Maarifçilik haqqında”, “Şərq qadınlarının konqresi haqqında”. Qurultayda respublikanın partiya və hökumət rəhbərləri N.Nərimanov, S.Kirov, D. Bünyadzadə, S.Ağamalıoğlu iştirak edirdi.

1922-ci ilin iyununda Bakıda Zaqafqaziya qadınlarının qurultayı keçirildi. Bu qurultay Zaqafqaziya federasiyasının təşkili işinə ciddi kömək oldu. Qurultayın qərarına uyğun olaraq 1922-ci ildə Azərbaycan MİK nəzdində Qadınların Məişətini Yaxşılaşdırmaq Komitəsi quruldu. Bu komitə ailədə və məişətdə qadına olan köhnə münasibətlərə qarşı mübarizəni xeyli genişləndirdi. Ana və uşaqların hüquqi mühafizəsi işlərini canlandırmaq, qadınları ictimai faydalı işlərə cəlb etmək üçün Komitə bir sıra tədbirlər həyata keçirdi.

Daha sonra Sentyabrın 27-də 2003 cü ildə  Respublika sarayında müstəqil Azərbaycan Respublikası qadınlarının II qurultayının açılışı baş tutdu. Qurultayda Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etmişdilər. Gündəliyə Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin məruzəsi, mandat komissiyasının hesabatı, yekun sənədlərinin qəbulu məsələləri daxil idi.

Bundan sonra isə 2008 ci il Sentyabrın 26-da Bakı İdman Sarayında Azərbaycan qadınlarının III qurultayı keçirilmişdir.

Hazırda ölkədə 90-a yaxın qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir. Dövlət rəhbərliyinin vətəndaş cəmiyyətinin inkişafına hərtərəfli dəstək verməsi qeyri-hökumət təşkilatları şəbəkəsinin genişlənməsi üçün etibarlı zəmin formalaşdırır. Bu baxımdan 2007-ci ilin dekabrında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması haqqında Fərman böyük əhəmiyyət kəsb edir. Şuranın fəaliyyətinin bir istiqamətinin də ailə, qadın və uşaq məsələlərinə yönəlməsi dövlətin bu sahəyə xüsusi diqqətinin ifadəsidir.

Azərbaycan 2006-cı ildə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi proqramı çərçivəsində «Gender və iqtisadiyyat» üzrə layihə işçi qrupunun həmsədri seçilmişdir. 2010-cu ildə Avropa Şurasının qadınlarla kişilər arasında bərabərlik üzrə 7-ci Avropa Nazirlər Konfransının məhz Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi isə ölkəmiz üçün çox önəmli fakt kimi dəyərləndirilməlidir.

Heydər Əliyev Fondu, Dövlət Komitəsi və BMT-nin Əhali Fondu «XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə» layihə həyata keçirirlər.

Düşünürük ki, bu qurultayların nəticəsi kimi Azərbaycan qadınlarının fəallığı daha da artmış, ölkənin ictimai, sosial-iqtisadi, mədəni, mənəvi həyatında onların rolu əhəmiyyətli dərəcədə yüksəlmişdir.

 

 

Nəsimi rayon sakini Hüseynli Billurə

 

 

 

 

 

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki