İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki döyüş gəmisinə və səkkiz neft tankerinə zərbələr endirdiyini açıqlayıb.
“Tasnim” agentliyinin SEPAH-a istinadən yaydığı məlumata görə, hücumlar Hörmüz boğazında baş verib.
SEPAH-ın bəyanatında bildirilib ki, İranın Fars körfəzindəki beş neft tankerinin ABŞ ordusu tərəfindən vurulmasına cavab olaraq SEPAH-ın Hərbi Dəniz Qüvvələri iki ABŞ gəmisini və səkkiz neft tankerini hədəfə alıb.
“Bu hücumlar nəticəsində hədəfə alınan gəmilərə ciddi ziyan dəyib”, – bəyanatda qeyd olunub.
SEPAH həmçinin ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazının İran tərəfindən “qadağan olunmuş və təhlükəli zona” elan edilən hissəsindən keçməyə cəhd göstərən digər ölkələrin bayrağı altında üzən 10 gəminin də hədəfə alındığını bildirib.
İran tərəfi Hörmüz boğazının SEPAH Hərbi Dəniz Qüvvələrinin nəzarəti və idarəsi altında olduğunu bəyan edib.
Bundan əvvəl SEPAH ABŞ-ın İordaniyada yerləşən hərbi obyektlərinə də zərbələr endirdiyini açıqlayıb. İran tərəfinin məlumatına görə, hücumların hədəfində F-35, F-16 və F-15 qırıcılarının texniki xidmət, hazırlıq və dislokasiyası üçün istifadə olunan anqarlar, eləcə də təyyarə sığınacaqları olub.
SEPAH daha əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin DDG-119 və DDG-53 bort nömrəli “Aegis” döyüş sistemləri və qanadlı raketlərlə təchiz edilmiş esmineslərini də ballistik raketlərlə vurduğunu açıqlamışdı.
SEPAH-ın bəyanatına görə, “cəzalandırma əməliyyatı” çərçivəsində həyata keçirilən hücum nəticəsində hər iki esminesə ciddi ziyan dəyib.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bundan əvvəl İrana məxsus beş neft tankerinin məhv edildiyini açıqlayıb.
Tərəflərin açıqlamaları müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.


























