image-reklam-veteninfo
image-4e2106a6-be88-4e13-bfe9-eeb8fdc2ff0fbackend

Bakıda XIV Beynəlxalq Altay Topluluqları Simpoziumuişə başlayıb

image-reklam-veteninfo

Sentyabrın 9-da AMEA Rəyasət Heyətinin binasında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu öz işinə başlayıb.

“Altayşünaslığın dünəni, bugünü və sabahı” mövzusuna həsr edilmiş tədbir Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), TÜRKSOY, Türk Tarix Qurumu, Beynəlxalq Türk Akademiyası və Xaricdəki Türklər və Əqrəba Topluluqları Başkanlığının (YTB) dəstəyi, AMEA-nın və Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilir.

XIV Beynəlxalq Altay Topluluqları Simpoziumuna Azərbaycanla yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Monqolustan, Hindistan, Çin, Yaponiya, Şimali Makedoniya, Macarıstan, Almaniya və Rusiya Federasiyasından nümayəndələr qatılıb.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Altayşünaslıq üzrə beynəlxalq elmi toplantıların dünya türkologiya elminin inkişafına mühüm töhfələr verdiyini bildirib. O, uzun illər ərzində Azərbaycan alimləri ilə Altayşünaslıq və türkologiya sahəsində fəaliyyət göstərən elmi mərkəzlər arasında möhkəm əlaqələrin və əməkdaşlıq körpülərinin qurulduğunu qeyd edib, həmçinin ötən illərdə müxtəlif ölkələrdə keçirilən Altay Topluluqları Simpoziumlarında iştirak etdiyini xatırladıb. Akademik İsa Həbibbəyli bu ilki simpoziumda bir sıra ölkələrdən alim və tədqiqatçıların iştirakının tədbirin beynəlxalq elmi əhəmiyyətini daha da artırdığını vurğulayıb.

AMEA prezidenti simpoziumun 1926-cı ildə Bakıda, məhz bu tarixi məkanda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə təşkil olunmasının xüsusi tarixi və elmi məna daşıdığını bildirib. O, bir əsr öncə keçirilən həmin mötəbər qurultayda türk xalqlarının dili, tarixi, mədəniyyəti və elmi araşdırmalarının gələcəyi ilə bağlı aparılan müzakirələrin bu gün də öz aktuallığını qoruduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, Birinci Türkoloji Qurultayın yaratdığı elmi ənənələrin davametdirilməsi və müasir tədqiqatlarla zənginləşdirilməsi türkologiyanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Akademiya prezidenti bu baxımdan XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun Azərbaycanla beynəlxalq elmi əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcəyinə inamını ifadə edib və tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra Altay Cəmiyyətləri Akademik Qurumunun prezidenti, İstanbul 29 May Universitetinin professoru İlhan Şahin çıxış edərək tədbirin Bakıda keçirilməsinin xüsusi önəm daşıdığını bildirib. O, Birinci Türkoloji Qurultayın 100 illiyinin bu simpozium üçün mühüm tarixi məna kəsb etdiyini qeyd edib. Professor İlhan Şahin yüz il əvvəl Bakıda bir araya gələn alimlərin türk xalqlarının dili, tarixi, mədəniyyəti və cəmiyyətləri ilə bağlı mühüm müzakirələr apardıqlarını xatırladıb.

Alimin sözlərinə görə, artıq XIV dəfə keçirilən Altay xalqlarının simvolik qurultayları bu məsələlərin elmi müstəvidə müzakirəsi üçün mühüm platformaya çevrilib. Prof. İlhan Şahin builki toplantıda Altay xalqlarının miqrasiyası və köçləri, dil, ədəbiyyat, tarix, din və inanclar, ailə dəyərləri, ənənələr və digər məsələlərin müzakirə ediləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türkologiya araşdırmaları tarixində yeni mərhələnin əsasını qoyduğunu deyərək bildirib ki, ötən 100 il ərzində türkologiya dil və ədəbiyyat araşdırmalarının hüdudlarını aşaraq tarix, arxeologiya, antropologiya, etnoqrafiya, incəsənət tarixi, genetika və rəqəmsal humanitar elmləri də əhatə edən geniş fənlərarası tədqiqat sahəsinə çevrilib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Altayın Türk dünyası üçün xüsusi əhəmiyyət daşıdığını, bu coğrafiyanın türk tarixinin, dillərinin və Avrasiyanın erkən mədəni proseslərinin öyrənilməsində mühüm istinad sahəsi olduğunu vurğulayıb. Altay araşdırmalarında ortaq irsə sahib çıxmaqla həmin irsi monopoliyaya almaq arasında mühüm fərqinolduğunu söyləyən akademik Şahin Mustafayev tarixi-mədəni irsin hər hansı bir xalqın və ya dövlətin müstəsna mülkiyyəti kimi təqdim edilməsinin doğru olmadığını qeyd edib.

Akademik Şahin Mustafayevin sözlərinə görə, Altay araşdırmaları müxtəlif xalqların tarixi əlaqələrini və mədəni mübadilələrini nəzərə alan, açıq və müqayisəli elmi yanaşma əsasında aparılmalıdır. O, müxtəlif ölkələrdən və elm sahələrindən olan tədqiqatçıların simpozium çərçivəsində bir araya gəlməsinin bu baxımdan xüsusi əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə, həmçinin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin İletişim müşaviri Alptekin Cihangir İşbilir, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türk Tarix Qurumunun sədri prof. Haluk Selvi, AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyeva və keçmiş TİKA (Türk İşbirliyi və Koordinasiya Agentliyi) başkanı Halit Eren çıxış edərək Altay xalqlarının ortaq tarixi və mədəni irsinin dərindən öyrənilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının önəminivurğulayıblar. Natiqlər bu istiqamətdə tədqiqatların genişləndirilməsinin və beynəlxalq elmi əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Beynəlxalq tədbirdə Avrasiyanın tarixi və mədəni inkişafında mühüm rol oynayan Altay topluluqlarının tarix, mədəniyyət və sivilizasiya irsinin ayrı-ayrı aspektləri müzakirə olunub. Müxtəlif elm sahələrindən olan tədqiqatçıların iştirakı ilə Altay topluluqlarının mədəni və sivilizasiya dəyərlərinə dair fərqli elmi yanaşmalar təqdim edilib.

Qeyd edək ki, dörd gün davam edəcək simpozium çərçivəsində 15 ölkəni təmsil edən alim və mütəxəssislərin ümumilikdə 121 məruzəsinin dinlənilməsi nəzərdə tutulur.Elmi tədbirdə Altay topluluqlarının tarixi, dili, mədəniyyəti, etnoqrafiyası və sivilizasiya irsi ilə bağlı müxtəlif mövzuların müzakirəsi, eləcə də bu istiqamətdə aparılan tədqiqatların gələcək perspektivlərinin müəyyənləşdirilməsi planlaşdırılır.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki