image-reklam-veteninfo
image-1backend

Kiyevdə ciddi ərzaq problemi var – “The Guardian” qəzeti

image-reklam-veteninfo

Kiyevdə Rusiyanın zərbələri nəticəsində ərzaq və logistika infrastrukturunda ciddi problemlərin yarandığı bildirilir.

“The Guardian” qəzetinin yazdığına görə, avqust və sentyabr aylarında Rusiya ordusunun hücumları Ukraynanın əsas supermarket şəbəkələrinə məxsus bir sıra anbar və logistika mərkəzlərinə ziyan vurub.

Ukraynanın Aqrar Siyasət və Ərzaq naziri Taras Vısotski qəzetə açıqlamasında bildirib ki, “Silpo”, “ATB”, “Novus” və “Fora” kimi supermarket şəbəkələrinin anbar və logistika obyektləri hücumlar nəticəsində dağıdılıb və ya zədələnib.

Nazirin sözlərinə görə, sözügedən hücum dalğası Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından bəri logistika və ərzaq infrastrukturuna yönəlmiş ən genişmiqyaslı zərbələrdən biri olub.

Məlumata görə, dərmanların saxlanıldığı bəzi anbarlar da hücumların hədəfinə çevrilib.

“The Guardian”ın Kiyevdəki müxbirinin müşahidələrinə əsasən, son hücumlar paytaxtda ərzaq təchizatına təsir göstərib və bəzi supermarketlərdə rəflərin boşalmasına səbəb olub.

Qəzetə danışan 68 yaşlı təqaüdçü Valentina Sveşnikova vəziyyətdən narazılığını ifadə edərək bildirib ki, Rusiyanın məqsədi insanların gündəlik həyatını çətinləşdirməkdir.

Ukraynada ərzaq qiymətlərinin də artmağa başladığı qeyd olunur. Bununla belə, biznes nümayəndələri qiymət artımının hazırda birbaşa ərzaq qıtlığı ilə deyil, logistika zəncirlərinin yenidən qurulması ilə bağlı əlavə xərclərlə əlaqəli olduğunu bildirirlər.

Elit spirtli içki mağazaları şəbəkəsi “GoodWine”ın sahibi “Bureau Wine” şirkətinin həmtəsisçisi Dmitri Krımskinin sözlərinə görə, Kiyev yaxınlığında şirkətə məxsus anbarlardan biri sentyabrın 1-də zərbəyə məruz qalıb. İlkin hesablamalara əsasən, obyektə dəyən zərərin həcmi təxminən 4 milyon avro təşkil edir.

Qəzet həmçinin bildirir ki, Ukraynanın enerji və logistika infrastrukturuna qarşı hücumların qış aylarında ölkədə vəziyyəti daha da ağırlaşdıra biləcəyi ilə bağlı narahatlıqlar artır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki