image-4backend

Azərbaycan-Qazaxıstan əlaqələri inkişafdadır

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana 10 aprel 2023-cü il tarixli səfəri böyük əhəmiyyətə malikdir. İmzalanan sənədlər də bunu təsdiq edir. Qazaxıstan və Azərbaycan prezidentləri Kasım-Jomart Tokayev və İlham Əliyev Astanada ticarət-iqtisadi, nəqliyyat, tranzit və humanitar əməkdaşlıq məsələlərini müzakirə edib və müvafiq sənədləri imzalayıblar.

Səfər çərçivəsində, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər. Qazaxıstanlı həmkarı ilə mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstan arasında müttəfiq münasibətlərinin qarşılıqlı fəaliyyətin gələcək inkişafı üçün möhkəm təməl olduğunu qeyd edib.

Qazaxıstanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə göstərilən böyük hörmət və ehtiramı yüksək qiymətləndirən cənab Prezident Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışının Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidi olduğunu bildirmişdir.

Qeyd olunmuşdur ki, Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu  Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir.

Müttəfiqlik münasibətlərinin getdikcə daha da möhkəmlənməsindən və inkişaf etməsindən danışan cənab Prezident bldirmişdir ki, keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Cari ilin 10 aprel tarixində imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir.

Azərbaycan və Qazaxıstanın Beynəlxalq müstəvidə bir birinə qarşılıqlı dəstək verdiyini bildirən cənab Prezident qeyd etmişdir ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birimizi dəstəkləyir. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir.

Azərbaycan ilə Qazaxıstan arasında mədəni əməkdaşlıq Prezident İlham Əliyevin Qazaxıstan səfərinin mərkəzi mövzusunu təşkil edib. Hadisələrin bu cür inkişafı qanunauyğundur belə ki, Azərbaycan və Qazaxıstan xalqları tarixən yaxın olub və humanitar sahədə əməkdaşlıq xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə və inkişaf etməsinə yeni imkanlar açacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan səfəri istər Azərbaycan, istərsə də Qazxıstan üçün ikitərəfli münasibətlərin əhəmiyyətini artırıb. Səfər çərçivəsində, xüsusən humanitar sahədə əməkdaşlıq və Ali Dövlətlərarası Şuranın yaradılması barədə əldə edilmiş razılaşmalar ona deməyə əsas verir ki, Azərbaycan-Qazaxıstan münasibətləri bundan sonra daha sürətlə inkişaf edəcək və hər iki xalqın məhafeyinə xidmət edəcəkdir.

Vahid İsmayılov

Tarix üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki