Mart ayının 11-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. İki dost ölkə arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcək yüksəksəviyyəli bu səfər zamanı əvvəlcə iki dövlət başçısının məhdud tərkibdə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib və dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilib. Daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan və qazax xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Xalqlarımız arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də məhz Qazaxıstandır.
Qeyd edilməlidir ki, Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib.
Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir. “SOCAR Midstream Operations” MMC 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinə başlayıb.
Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.
Ölkələrimiz arasında təhsil sahəsində də əməkdaşlıq mövcuddur. Hazırda Azərbaycanda 87 Qazaxıstan vətəndaşı təhsil alır. Bakı Dövlət Universitetində müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına Qazax Mərkəzi, Qazaxıstanda isə Lev Qumilyov adına Avrasiya Milli Universitetində Heydər Əliyev adına auditoriya, Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi” fəaliyyət göstərir.
Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilib. Mətbuata bəyanatında ölkə başçısı İlham Əliyev vurğulayıb ki: “İlk növbədə, istərdim ki, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüsünə görə Kasım-Jomart Kemeleviçə bir daha təşəkkürümü bildirim. Bu, Prezidentin şəxsi qərarıdır və bu qərardan həmin layihənin reallaşdırılmasına qədər çox az vaxt keçib. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir”.
Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru