image-1692698777491backend

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının iclası keçirilib -Fotolar

image-reklam_sirab_01

Avqust ayının 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş ofisində İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib. İclasda 2023-ci ilin 1-ci yarımilliyində həyata keçirilən fəaliyyətlər və gələcək planlar müzakirə edilərək, təklif və rəylər nəzərə alınmaqla, müvafiq  qərarlar qəbul edilib. İclasda AzQAC-ın İdarəetmə Şurasının üzvləri ilə yanaşı Cəmiyyətin rəhbər heyəti, əməkdaşları və həmçinin regional mərkəz və yerli bölmələrin sədrləri iştirak edib.
İclası giriş sözü ilə açan Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov iştirakçıları salamlayıb, iclasın mahiyyətindən və əhəmiyyətindən bəhs edib. Novruz Aslanov öz çıxışında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2023-ci ildə əldə olunan nailiyyətlərindən bəhs edərək, bu  ilin Milli Cəmiyyətin inkişafı, potensialının artırılması  baxımından əhəmiyyətli bir il olduğunu qeyd edib. Öz çıxışında təşkilatın rəhbəri AzQAC-ın Qarabağ İqtisadi zonasında  fəaliyyətlərinin gücləndirilməsi haqqında, Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həyata keçirilən yardım kampaniyası ilə bağlı keçirilən audit yoxlamasının nəticəsi barədə məlumat verdi. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı tərəfdaşları ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşlığından bəhs edib, bu əməkdaşlığın son illərdə daha da genişləndiyini vurğulayıb. AzQAC-ın Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası (Beynəlxalq Federasiya), Türk Qızıl Ay Cəmiyyətinin Azərbaycan üzrə nümayəndəliyi ilə olan əməkdaşlığının dünyada nümunəvi bir model olduğunu nəzərə çatdırıb.
Daha sonra iclasda AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev 14-18 avqust tarixində Moskva şəhərində BQXQACF xətti ilə həyata keçirilən İMPACT kurslarında AzQAC əməkdaşlarının iştirakı barədə məlumat verdi. O öz çıxışında AzQAC-ın yerli bölmələri tərəfindən həyata keçirilmiş fəaliyyətlərdən, beynəlxalq sahədə həyata keçirilən əməkdaşlıq və nailiyyətlərdən danışdı. Eyni zamanda, Ceyhun Mirzəyev Azərbaycan Qızıl Aypara Cəmiyyəti Katibliyinin normativ sənədlərin təsdiqi haqqında məlumat verdi.
AzQAC-ın vitse prezidenti, İdarəetmə Şurasının məsul katibi Qafar Əsgərzadə qarşıda duran strategiyalar haqqında məruzə etdi və bir sıra strategiyaları İdarəetmə Şurasının diqqətinə çatdırdı. Bu strategiyalar AzQAC-ın Nizamnaməsinə uyğun olaraq İdarəetmə Şurasının üzvləri tərəfindən yekdilliklə təsdiqləndi.
İclasda AzQAC-ın Baş mühasibi Nailə Cəfərova çıxış edərək maddi yardımların göstərilməsi məsələləri barədə, beynəlxalq audit lisenziyası olan auditin həyata keçirilməsi haqqında, Türkiyəyə olunan maddi yardımlar haqqında və  ştat cədvəlinin dəyişilməsi barədə danışdı.

İclasın sonunda, son zamanlar Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin humanitar ehtiyacları mövzusu ətrafında aparılan kampaniyanı nəzərə alaraq AzQAC-ın müvafiq bəyanatı qəbul edildi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki