image-img-20230601-wa0113backend

Azərbaycan regionda və region xaricində enerji təhlükəsizliyinin gücləndirilməsində davamlı tərəfdaşdır

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında iştirak edərək mərasimdə geniş çıxış edib. Prezident öz çıxışında bildirib ki, Bakı Enerji Həftəsi enerji sektorunda keçirilən aparıcı beynəlxalq tədbirlərdən biridir. Tədbirin əhəmiyyətini nəzərə alan ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunak tədbir iştirakçılarına təbrik teleqramları göndəriblər. Dövlət başçısı əminliklə vurğulayıb ki, “Bakı Enerji Həftəsi” enerji təhlükəsizliyi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcək: “Ənənəvi olaraq hər il keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpa olunan enerji potensialı, o cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir”.

Hazırda Azərbaycan regionda və region xaricində enerji təhlükəsizliyinin gücləndirilməsində davamlı tərəfdaşdır. Avropa üçün enerji tərəfdaşının etibarlılığı hər şeydən əhəmiyyətlidir və Azərbaycanın artan nüfuzu və müasir beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinin göstəricisidir. Bu gün Avropa üçün alacağı enerji resursunun özündən daha əhəmiyyətlisi tərəfdaşının etibarlılığı və təchizatçı regionda sabitliyin dayanıqlı olmasıdır. İyirmi ilə yaxın Prezident İlham Əliyevlə birbaşa təmaslar Azərbaycan liderini Avropada sözü və imzası bir şəxsiyyət kimi tanıdıb. Eyni zamanda hətta müharibə şəraiti belə Azərbaycanın neft-qaz təchizatçısı kimi heç bir öhdəliyinə maneə yarada bilməyib. İlham Əliyevin nail olduğu daxili stabillik möhkəmdir və Azərbaycanın öhdəliklərinin icrası ilə bağlı heç bir problem yoxdur. Ən vacibi isə Azərbaycan müstəqil iradə sahibidir, yəni sərvətləri üzərində Azərbaycan Respublikası özü qərar sahibidir.
İndi Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərin məkanına çevrilməsi realllıqdır və bu da dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Çünki Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 19 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.
Azərbaycan Prezidenti İlham Əliyev qeyd edilən mərasimdəki çıxışında bildirib ki, “Sonuncu Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir”. Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq və bu, olduqca real rəqəmdir. Azərbaycanın qaz təchizatının dinamikasına nəzər salsaq görərik ki, ötən il bu rəqəm 8 milyard kubmetr idi və bu il 12 milyard kubmetr qaz nəql ediləcəkdir. Bu, ölkənin ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün bu rəqəm 20 milyarda çatdırılacaqdır. Bunun üçün mənbələr artıq var, onlardan biri nəhəng “Şahdəniz” yatağıdır, digər yataq isə “Abşeron”dur.
Prezident İlham Əliyev çıxışı zamanı bir daha vurğulayıb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoqu uğurla davam edir: “Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur”.
Göründüyü kimi, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır və dövlət başçısının söylədiyi kimi, “Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş adlandırır”. Bu, Azərbaycanın artan nüfuzunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin, göstərilən etimadın təqdimatıdır.

image-img-20230601-wa0114

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki